Təhsil Nazirliyi bu il 27 fevral - 4 aprel aralığında respublikanın bütün bölgələri üzrə ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üçün mərkəzləşdirilmiş qaydada sınaq imtahanları keçirib. Nəticələr artıq məlumdur. Statistikaya nəzər yetirəndə vəziyyətin heç də ürəkaçan olmadığını qeyd etmək olar. Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyində «2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq» məsələsi müzakirə edilib.
Təhsil naziri Misir Mərdanov bildirib ki, bu il XI siniflərlə yanaşı IX sinif şagirdləri də buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcəklər. Builki yoxlama imtahanlarının nəticələrinin ötən illə müqayisədə 10 faiz yaxşılaşdığını söyləyən Misir Mərdanov imtahanların yekunlarını əks etdirən bəzi statistik rəqəmləri açıqlayıb. Nazir bildirib ki, IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi imtahanda iştirak edib və onlardan 82691 nəfəri, yəni 64,71 faizi müsbət qiymət alıb. Bu isə o demək dir ki, 45105 şagird mənfi qiymət alıb. XI siniflər üzrə isə 96394 şagirddən 90134-ü, yəni 93,5 imtahanda iştirak edib, onlardan 37181 nəfər, yəni 41,25 faizi müvəffəq qiymət alıb. Deməli 52953 şagird qeyri-müvəffəq qiymət alıb. Təhsil naziri 2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI sinif şagirdinin müzunların siyahısından qeyri-müəyyən səbəblərdən çıxarılmasını mənfi hal kimi qiymətləndirib.
M,Mərdanov Təhsil Nazirliyinin kollegiya iştirakçılarını 2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarında IX və XI siniflərin müvəffəqiyyət faizindəki fərqlər, son iki ilin yoxlama imtahanlarının müqayisəli təhlili ilə tanış edib, imtahana hazırlıq işini yaxşı təşkil etmiş, eləcə də imtahana aşağı səviyyədə hazırlaşmış şəhər və rayonların adını açıqlayıb. Misir Mərdanov nümunəvi fəaliyyəti ilə fərqlənən və işini çox aşağı səviyyədə yerinə yetirmiş nəzarətçilərin adlarını qeyd edib və bir sıra digər məsələlər barədə məlumat verib.
Orta təhsil kursu üzrə buraxılış imtahanları Təhsil Nazirliyindən verilən məlumata görə, orta təhsil kursu üzrə buraxılış imtahanları ümumtəhsil məktəblərində 2010-cu ilin iyun ayında keçiriləcək. Buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək. Ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı belə müəyyənləşdirilib: 3 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 7 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 11 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala, və Qobustan rayonlarında; 16 iyun 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 7 iyun 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Əsas təhsil kursu üzrə buraxılış imtahanları Təhsil nazirinin əmrınə əsasən, əsas təhsil kursu üzrə buraxılış imtahanları ümumtəhsil məktəblərində 2010-cu ilin iyun ayında ana dili və riyaziyyat fənlərindən keçiriləcək. Əsas təhsil kursu üzrə buraxılış imtahanlarının yeri və vaxtı aşağıdakı kimi müəyyənləşdirilib: 4 iyun 2010-cu il tarixdə - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarında; 8 iyun 2010-cu il tarixdə - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında; 12 iyun 2010-cu il tarixdə - Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarında; 14 iyun 2010-cu il tarixdə - Bakı və Sumqayıt şəhərlərində; 8 iyun 2010-cu il tarixdə - Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində. Həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanları məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək. Əsas və orta təhsil kursları üzrə təkrar imtahanlar da müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək. Əsas və orta təhsil kursları üzrə eksternat imtahanları 2010-cu ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək. Yekun qiymət necə hesablanacaq? Təhsil Nazirliyindən bildirilib ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq. Modern.az