Son günlər Kür çayında suyun səviyyəsinin kəskin artması Salyan, Şirvan, Sabirabad, Neftçala, Kürdəmir, Zərdab rayonlarında bəzi əraziləri fəlakətlə üz-üzə qoyub. Bu rayonlarda onlarla ev uçub, yüzlərlə ev qrunt sularının içində qalıb. Subasma nəticəsində taxıl əkininə və pambıqçılığa, fərdi həyətyanı sahələrə ciddi ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, yaxın günlərdə Kürdə su artmaqda davam edəcək. Bu arada Kürqırağı rayonların əhalisi «Azərenerji» və Mingəçevir su anbarının rəhbərliyini ittiham etməyə başlayıb. Evləri suyun içində qalan sakinlər deyirlər ki, əvvəllər Mingəçevir su anbarına normadan artıq su yığıblar, indi də anbarda əlavə yer olmadığından artan suyu buraxmağa məcbur olublar. Əhalinin bir qismi yaranmış vəziyyətin təbii fəlakətə oxşamadığını düşünür. Bu qəbildən olan sakinlərin fikrincə, indi ilin qar əriyən, dağ çaylarının daşan vaxtı deyil. Bəzi məlumatlarda iddia olunur ki, Mingəçevir su anbarında suyun maksimum hündürlüyü 72 metrədəkartıq olmalıdır, hazırda isə orada səviyyə 90 metrə qədər qalxıb”.
Modern.az bu iddialarla bağlı “Azərenerji” ASC ilə əlaqə saxlayıb. Səhmdar Cəmiyyətin rəsmiləri bütün iddiaları rədd ediblər. Bildirilib ki, Mingəçevir su anbarının turbinlərindən buraxılan su artırılmayıb.
Mingəçevir Su Elektrik Stansiyasından aldığımız məlumata görə, su anbarında suyun səviyyəsini maksimum 81 metrə kimi saxlamaq mümkündür. Hazırda isə su anbarında suyun səviyyəsinin 61 metrolduğu bildirlib. Stansiyadan onu da deyiblər ki, Kürdə suyun səviyyəsi artdıqca anbarda da səviyyə qalxır. Amma hər hansı təhlükə mövcud deyil. Modern.az