Parlament seçkilərinə 2 gündən də az vaxt qalıb. Deputatlığa namizədlər avqustun 9-dan bu günə kimi təbliğat-təşviqat kampaniyası aparıblar. Təbliğat-təşviqat işləri aparan namizədlər arasında siyasi partiya mənsubları da var.
Sabah sükut günü olacaq.
Maraqlıdır, siyasi partiyalar indiyə kimi aparılan seçki təbliğatından razı qalıb?
Modern.az bu sualla bir neçə partiyaya müraciət edib.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa təbliğat-təşviqat işlərini yaxşı qurduqlarını və əhalinin kifayət qədər dəstəyini alacaqlarına inamlı olduqlarını bildirib:
"Qısa vaxt ərzində imkanımız çatan qədər təbliğat işləri görmüşük. Demək olar ki, açıq və qapalı məkanda nəzərdə tutduğumuz bütün görüşləri yüksək səviyyədə həyata keçirdik. Çox sayda insanla təmasımız oldu. Flayerlərimizi payladıq. Təbliğat-təşviqat materiallarımızı evlərə dağıtdıq. Ayrı-ayrı insanlarla da qərargahımızda görüşlərimiz oldu. Hesab edirəm ki, seçki dairəsi ərazisində əhalinin kifayət qədər dəstəyini əldə edə biləcəyik. Biz artıq bir neçə dəfədir ki, bu dairədən namizədliyimizi veririk. İnsanlar bizim seçiciyə münasibətimizi çox yaxşı bilir. Biz insanlardan heç vaxt qaçmadıq. Seçiciləri hər zaman qəbul etdik, onların dərdlərinə şərik çıxdıq, problemlərini Milli Məclisdə qaldırdıq. Qərəzli yanaşma olmasa, bütövlükdə sağlam düşünən insanlar hamısı bizi qiymətləndirər. Millət vəkili nə etməlidirsə, biz onu həyata keçirməyə çalışdıq. Bunun da nəticəsinin olacağını düşünürəm. Çünki qədirbilən insanların dəstəyini hiss etdik".
Qeyd edək ki, 1 sentyabr seçkilərində Böyük Quruluş Partiyasından 1 namizəd iştirak edir - o da Fazil Mustafanın özüdür. F.Mustafa namizədliyini 26 saylı Sabunçu Birinci seçki dairəsindən irəli sürüb.
Böyük Azərbaycan Partiyası isə seçkilərə bir neçə namizədlə qatılıb. Amma əsas gücü sədr Elşad Musayevin namizəd olduğu dairəyə - 10 saylı Binəqədi Üçüncü seçki dairəsinə veriblər...
Elşad Musayev həmin dairədən mütləq seçilib parlament partiyası olacaqlarını söyləyib:
"Partiyamız bir neçə namizədlə seçkilərdə iştirak edir. Heç kimə sirr deyil ki, əsas gücümüzü 10 saylı Binəqədi Üçüncü seçki dairəsinə vermişik. Hesab edirəm ki, həmin seçki dairəsində biz nümunəvi seçki kampaniyası apardıq. Ölkədə ən yaxşı seçki kampaniyasını biz aparmışıq. Əhalinin ayrı-ayrı təbəqələri ilə görüşlər keçirmişik. Açıq, qapalı, qrup halında və fərdi görüşlər təşkil olunub. Seçicilərimizdən xeyir-dua almışıq. Burada harmoniya, bərabərlik, gözəl atmosfer yaratmışıq. Ona görə də bu seçki dairəsindən qalib gəlmə ehtimalımız həddən artıq yüksəkdir. Alternativlərimiz elə güclü kampaniya apara bilmədilər. Ona görə ki, böyük dəstək var. Bu seçki dairəsindən böyük fəqlə qalib gəlib, parlament partiyası olacağıq. Bundan sonrakı mərhələdə millət vəkili necə olmalıdır, onu sübut etməyə çalışacağıq”.
Ağ Partiyanın seçkilərdə 18 namizədi var. Sədr Tural Abbaslı təbliğat-təşviqat işləri ilə bağlı bunları deyib:
"Təbliğat-təşviqat prosesi bu gün başa çatdı. Bizim 18 nəfər namizədimiz Azərbaycan siyasi-ictimai şəraiti daxilində mümkün qədər aktiv kampaniya aparı. Sosial şəbəkədən istifadə olundu, posterlər yayıldı. Ümumilikdə 100 mindən artıq bukletlər paylanıldı. Görüşlər keçirildi və ərazidə gəzintilər oldu. Kifayət qədər təbliğat-təşviqat işləri gördük. Bütün namizədlərə ayrı-ayrılıqda dəstək videoaları çəkib paylaşıldı. Düşünürəm ki, kampaniyamız uğurludur. Ədalətli seçki olarsa, Ağ Partiyanın 18 namizədindən kifayət qədəri seçilə bilər. Amma hər şeyi zaman göstərəcək".
REAl Partiyasının icraçı katibi Natiq Cəfərli də təbliğat-təşviqat dönəmini uğurlu sayır:
“Təşviqat-təbliğat işi bu gün sonlanır. Avqustun 30-da sonuncu dəfə təbliğat və təşviqatla bağlı əvvəlcədən planlaşdırdığımız addımlar atılacaq. Bu dönəmi kifayət qədər uğurlu sayıram. Seçkilərdə ölkənin müxtəlif bölgələrindən və Bakıdan ümumilikdə 12 namizədimiz iştirak etdi. Ümumilikdə götürdükdə, təqribən 12 namizədimizin dairələr üzrə 200 min flayeri paylandı. Bu, tanıtımda ciddi rol oynayan amillərdən oldu. Bütün namizədlərimizin üst-üstə toplasaq, 100-ə yaxın kütləvi görüşləri oldu. Bir sözlə, ümumilikdə minlərlə insanla birbaşa təmasda olduq. REAL Partiyasının sədri İlqar Məmmədov 12 videomüraciət yayımlamışdı. Bütün platformalarda ümumi baxış sayı 1 milyona yaxınlaşdı. Bu da virtual təbliğatda uğurlu nəticə sayıla bilər".
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, seçkiqabağı təbliğat kampaniyasını vahid mərkəzdən idarə edə biliblər:
"Partiyamızın imkanları daxilində namizədlərimizi seçicilərə təqdim təqdim etdik. Hesab edirəm ki, bu prosesdə partiyamızın məramını da catdırdıq. Daha da yaxşı təbliğat kampaniyası apara bilərdik. Təbii ki, burada maddi resurslar da mühüm rol oynayır. Ona görə də çatışmayan cəhətlərimiz də çox oldu. Yeni siyasi mühitdə özünəməxsusluğumuzu cəmiyyətə təqdim edərək, səçicilərdən səs istədik. Müşahidələrimizə görə, namizədlərimizin təmsil olunduqları dairələrdə onlara münasibət heç də pis deyil. Arzu edərdik ki, layiqli olan qalib gəlsin”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı namizədlərin seçki təbliğatı barədə bunları deyib:
"Təbliğat işləri əsasən evdən-evə və maşından-maşına kampaniyasına uyğun aparılıb.
Biz hər bir mənzilə təşviqat materialımızı çatdırmışıq. Məhəllədaxili görüşlərdə xalqın problemini dinləyib, Müsavat Partiyasının seçki platforması barədə danışmışıq".
G.Aslanlı xatırladıb ki, 1 sentyabr seçkilərinə Müsavat Partiyasından 25 namizəd qatılıb:
"Onların arasında hər biri öz sahəsində nüfuzlu mütəxəssis olan professorlar, elmlər doktorları, müəllimlər, həkimlər, hüquqşünaslar, mühəndislər, jurnalistlər, Qarabağ qaziləri, şəhid atası, ictimai-siyasi xadimlər var.
Eyni zamanda onların hər biri parlamentdə seçiciləri təmsil etmək və xalqımızın problemlərini həll etmək üçün gərəkən təcrübəyə, iradəyə və fədakarlığa qadir müsavatçılardır".