Kür və Araz çayının yaratdığı fəsadlar davam etməkdədir. Saatlının deputatı Gülhüseyn Əhmədov Modern.az-a bildirib ki, Sarısu gölündə vəziyyət kritikdir. Göl Kürlə təmasda olduğundan suyu artıb. Kürün də səviyyəsi qalxdığı üçün çətinlik var. Deputat deyib ki, indiyə qədər Saatlının Novruzlu kəndi köçürülüb. İndi Nərimankənd sakinləri kəndi tərk edirlər. Rayonun ən qorxulu kəndləri isə Dəllər və Musalıdır. Bundan başqa, Qınaqlı Musabəyli kəndləri barədə də eyni fikirləri söyləmək olar.
“Mən 13 il bu rayonda işləmişəm. Yadımdadı 1969-cu ildə də Kür daşmışdı. Ancaq belə fəlakət törətməmişdi. Bizdən böyüklər bildirirdilər ki, 1937-ci ildə də Kürdə daşqın olub və nəticədə xeyli kənd su altında qalıb. Bundan sonra həmin kəndlərin sakinləri başqa yaşayış massivlərində yerləşdirirliblər və yeni kəndlər salıblar”.
Deputat bildirib ki, ayın sonuna qədər daşqınlar davam edəcək. “Biz belə görmüşük. Çünki əsasən dağlarda qar əriməsi bu ayın sonuna qədər başa çatmalıdır. Görək o vaxta qədər nələr baş verir. Hər halda vəziyyət yaxşı deyil. Ölkənin bütün qüvvələri fəlakət zonasına cəlb edilib. Amma su elə qalxır ki, onun qarşısı alınmaz olur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, mayın 20-də saat 08:00-dan 15:00-dək Respublikanın Kür, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir: Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 427 sm, su sərfi 795 m3/s təşkil edir (səviyyə 5 sm azalıb). Kür çayının Yevlax məntəqəsində səviyyə 372 sm, su sərfi 660 m3/s təşkil edir (səviyyə 5 sm azalıb). Kür çayının Zərdab məntəqəsində səviyyə dəyişməyərək 770 sm, su sərfi 896 m3/s təşkil edir. Kür çayının Surra məntəqəsində səviyyə 953 sm, su sərfi 1985 m3/s təşkil edir (səviyyə 3 sm artıb). Kür çayının Şirvan məntəqəsində səviyyə dəyişməyərək 847 sm təşkil edir. Kür çayının Salyan məntəqəsində səviyyə 828 sm, su sərfi 1703 m3/s təşkil edir (səviyyə 3 sm azalıb). Kür çayının Bankə məntəqəsində səviyyə 496 sm təşkil edir (səviyyə 1 sm azalıb). Araz çayının Novruzlu məntəqəsində səviyyə 730 sm, su sərfi 794 m3/s təşkil edir (səviyyə 2 sm artıb). Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 770 sm, su sərfi 310 m3/s təşkil edir (səviyyə 3 sm artıb).
Modern.az