Kür və Araz çayları Azərbaycanın Aran rayonlarını təbii fəlakətin ağuşunda saxlamaqda davam edir. Rəsmilər deyirlər ki, vəziyyət bir qədər də gərginləşəcəyi halda Araz çayının kanal vasitəsilə başqa istiqamətə-Muğan çölünə yönəldilməsinə başlanılacaq. Bəzi məlumatlara görə, Kürün Türkiyə ərazisindən artmağa başlayan sularının sabaha qədər Azərbaycan ərazisinə çatacağı gözlənilir. Bu isə vəziyyəti daha da çətinləşdirə bilər.
Saatlı rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Sarısu gölü ilə bağlı ən son vəziyət gərginləşib: “Güclü külək başlayıb. İndi dalganın hündürlüyü 1,5 metrə çatır. Bu isə ciddi təhlükəli vəziyyət yaradıb. Hazırda Novruzlu, Nərinmankənd yaşayış məntəqələrinin boşaldılması prosesi gedir. Əgər Sarısuyun 8-10 metr dərinlikdə olan hissəsindən bənd yarılsa, ən azı Saatlının 10 kəndi su altında qala bilər. Sarısuyun 3-4 metrlik dərinlikdə olan hisəsindən isə artıq su sızmağa başayıb”.
Qeyd edək ki, mayın 23-də saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olub. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və texnikası dağılan bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb. FHN-nin Mülki Müdafiə qoşunları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyə edilib. Son məlumata görə, Meyniman 1, Meyniman 2, Ələtli, Ağacanlı, Girvənd və Xilə kəndlərini daşqın suları basıb. Dərhal əhalinin evakuasiyasına başlanıb, bu işə Fövqəladə Hallar Nazirliyinin helikopterləri də cəlb olunub. Bəndi yarmış su yaxınlıqdan keçən Şirvan kanalının cənub hissəsindən Hacıqabul gölünə istiqamətləndirilib. Buna baxmayaraq, Hacıqabul gölü dolarsa, rayon da daxil olmaqla ətraf ərazilər də təhlükə ilə üzləşə bilər. Hazırda Fövqəladə Hallar Nazirliyinin 500-dən artıq texnika və canlı qüvvəsi ərazidə yolçəkmə və bəndbərkitmə işləri aparır. Modern.az