Modern.az

Son zəng…

Ölkə

14 İyun 2025, 12:55

Son zəng…
Adamın öz uşaqlığının arxasınca əl eləyib yola saldığı gün…
O gün bilmirsən, gülürsən, sevinirsən, özündən xəbərsiz həyatının ən maraqlı, unudulmaz, sonradan min dəfə yenidən oxumağa cəhd edəcəyin, amma mümkünsüz olacaq bir kitabın son səhifəsini oxuyursan.

Son zəng...
Məktəbin qapısını bağlayırsan, bilmirsən ki, bu qapı bir də heç vaxt sənin üzünə açılmayacaq.
Sən gedirsən, arxanda bir zəng səsi qalır.
O səs nə sükutdur, nə də adi bir səs…
O, vidalaşdığın uşaqlığın fəryadıdır.

İllər keçir…
Adam böyüyür, böyüdükcə də balacalaşır içindəki uşaq.
Bir gün elə olur ki, böyümüş cəsədin içində balacalaşmış uşaq səni harasa çəkir…
Tanımadığın şəhərdə,
tanımadığın həyatda,
tanımadığın öz içində,
birdən-birə tanış bir səs axtarırsan, son zəngin səsi…

Onda anlayırsan,
adam bu dünyada iki yerə borcludur:
birinə doğulduğu üçün,
o birinə adam olduğu üçün.
Ana nəfəs verib yaşatdı,
müəllim yol göstərdi,
içindəki qaranlıqlara fənər tutdu.
Sinif yoldaşların isə…
uşaqlığını çiyinlərində daşıyan sirdaşların idi.
Baxırsan ki, çox şeyi dəyişmək olur bu həyatda,
şəhəri, işi, adı, hətta özünü belə,
Amma o zəngin səsini dəyişmək olmur.
Çünki o, səni uşaqlıqdan qoparıb həyata atan anın səsidir.
Hər Son zəng günü içində səslənir.
Səni geri çağırır, amma apara bilmir…
Xəyal qurursan…
Son zəngin səsində müəllimini, sinif yoldaşını,
ilk sevgini, ilk utandığın anı,
dəftərində yazdığın şeiri axtarırsan…
Tapa bilmirsən.

Çünki…
Sinif yoldaşların hərə bir tərəfdə.
Müəllimlərin təqaüddə…
İlk məhəbbətin artıq başqasının yanında gülür.
Və sən…
Uşaq olmaq istəyin puç olur…
Sən təkcə məktəbini yox,
bir dövrü itirmisən. artıq anlayırsan.

Mən isə…
Məktəbim qalmayıb.
Ermənilərin işğalını görən kəndimizdə daş daş üstündə deyil.

Yazı taxtası, sinfi, zəngi, havası, hər şey yerlə yeksan.
Sağ qalan tək o səsdir.
Son zəng səsi…
O zəng ki, artıq məktəbin yoxluğuna,
Kəndimizin viranlığına çalınır.

Elə ona görə…
Mən son zəngimi yaddaşımda səsləndirirəm hər il…
Qulağımda çalınır.
İçimdə susmur.
Çünki o zəng,
mənim həm uşaqlığıma, həm yurduma,
həm də özümə verdiyim son səsdir…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU