Modern.az

Qatarların hərəkət cədvəllərində dəyişikliklər edilib

Qatarların hərəkət cədvəllərində dəyişikliklər edilib

Ölkə

27 May 2010, 10:00

Mayın 30-dan etibarən yeni hərəkət cədvəlinə keçilməsi ilə əlaqədar beynəlxalq sərnişin qatarlarının hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Modern.az xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

55/56 nömrəli Bakı-Moskva qatarı həftədə 3 dəfə olmaqla hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 19.55-də Bakıdan yola düşəcək, həftənin bazar, çərşənbə axşamı və cümə axşamı günləri saat 8.20-də Bakıya gələcək.

31/32 nömrəli Bakı-Kiyev qatarı həftədə 1 dəfə olmaqla çərşənbə axşamları saat 23.40-da Bakıdan yola düşəcək, həftənin bazar ertəsi günü saat 21.35-də Bakıya gələcək.

369/370 nömrəli Bakı-Xarkov qatarı həftədə 1 dəfə olmaqla cümə axşamları saat 23.40-da Bakıdan yola düşəcək, həftənin çərşənbə axşamları saat 21.35-də Bakıya gələcək.

391/392 nömrəli Bakı-Rostov qatarı həftədə 2 dəfə olmaqla Bakıya həftənin bazar ertəsi və şənbə günləri saat 8.20-də çatacaq, elə həmin günlər saat 23.40-da yola düşəcək.

Yeni cədvəldə 373/374 nömrəli Bakı-Tümen qatarı Rusiya dəmir yollarına məxsus heyətlə hər gün hərəkətdə olacaq. Qatar Bakıya bu il iyunun 3-dən etibarən saat 2.03-də çatacaq və həmin gün saat 6.20-də yola düşəcək.

313/314 nömrəli Bakı-Sankt-Peterburq qatarı həftədə 1 dəfə olmaqla çərşənbə günləri, saat 23.40-da Bakıdan yola düşəcək, çərşənbə günləri saat 8.20-də Bakıya gələcək.

Bakı-Mahaçqala marşrutu ilə hərəkət edən 621/622 nömrəli “Ekspress” qatarının mayın 30-dan etibarən Bakıdan hərəkəti ləğv olunacaq. Axırıncı dəfə qatar Bakıdan mayın 28-də yola düşəcək. Qatarın ləğv olunması ilə əlaqədar Bakı-Mahaçqala qatarının vaqonları iyunun 4-dən etibarən Bakıdan həftədə üç dəfə -həftənin V, I, III günləri 373/374 nömrəli Bakı-Tümen qatarına Mahaçqalaya kimi qoşulacaq. Geriyə Mahaçqaladan vaqonlar həftənin V günləri 392 nömrəli Rostov-Bakı qatarına, həftənin I və III günləri isə 56 nömrəli Moskva-Bakı qatarına Bakıya kimi qoşulacaq.

Aşağıdakı qatarların tərkibində qoşma və birbaşa vaqonlar hərəkət edəcəklər:
- 31/32 nömrəli Bakı-Kiyev qatarının tərkibində birbaşa Bakı-Simferopol (yalnız yay mövsümündə), Odessa-Bakı və qoşma Dnepropetrovsk-Bakı vaqonları, 373/374 nömrəli Bakı-Tümen qatarının heyətində qoşma Samara-Bakı, Ufa-Bakı, Çelyabinsk-Bakı, Saratov-Bakı və birbaşa Novosibirsk-Bakı vaqonları hərəkət edəcəklər.
Qatara əlavə olaraq İjevsk-Bakı, Ulyanovsk-Bakı, Kazan-Bakı vaqonları qoşulacaqdır. 313/314 nömrəli Bakı-Sankt-Peterburq qatarının tərkibində Həştərxan-Bakı vaqonu hərəkətdə olacaqdır.

38/37 nömrəli Bakı-Tiflis qatarı hərəkətdə hər gün olmaqla, Bakıdan saat 22.00-da yola düşür, saat 10.20-də Bakıya gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI