Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a bildirilib ki, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
27 may 2010-cu il saat 10:00-a olan statistik məlumata görə, 109287 elektron ərizə doldurulub (Azərbaycan bölməsi 97100, rus bölməsi 12187), onlardan 103046-sı təsdiq etdirilib.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat davam edir. Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turlarda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət İmtahanı Komissiyaları 5 istiqamət üzrə fəaliyyət göstərir.
Təsviri sənət
Musiqi sənəti
Memarlıq və dizayn
Teatr, kino və xoreoqrafiya sənətləri
Bədən tərbiyəsi və idman
27 may saat 10:00-a olan statistik məlumatlara görə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 8666 abituriyent qeydiyyatdan keçib. Onlardan 30%-i bir neçə komissiyada qeydiyyatdan keçib.
Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən orkestr alətləri, bəstəkarlıq, musiqişünaslıq, Azərbaycan Memarlıq və İnşaat Universitetində dizayn, Naxçıvan Dövlət Universitetində fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı komissiyalarında qeydiyyatdan keçən abituriyentlərin sayı nisbətən azdır.
Seçmə turda abituriyentlər ali təhsil müəssisələri ilə yanaşı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə də qeydiyyatdan keçə bilərlər.
Seçmə turların başa çatmasına 3 gün qalıb. Belə ki, seçmə turların keçirilməsi məqsədi ilə yaradılmış Qabiliyyət İmtahanı Komissiyaları 27, 29, 31 may tarixlərində fəaliyyət göstərəcəklər.
28 may tarixində keçirilməsi nəzərdə tutulan seçmə turlar həmin gün qeyri-iş günü olduğuna görə 29 may tarixində keçiriləcək.
Modern.az