Modern.az

Azərbaycanda yeni ov mövsümü başlayıb

Azərbaycanda yeni ov mövsümü başlayıb

Ölkə

10 İyun 2010, 14:44

Azərbaycanda iyunun 7-dən 2010-cu ilin yay ov mövsümünə rəsmən icazə verilib. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəıri İradə İbrahimova bildirib.

 

Artıq respublika ərazisindəki ovçuluq təsərrüfatlarının qapıları ovçuların üzünə açılıb. Rəsmi məlumatlara görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının ümumi ərazisi 700  min hektardan çoxdur. Azərbaycanda nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan və çöl quşlarının qorunub saxlanılması üçün 40-dan çox dövlət qoruğu, milli park və yasaqlıq var ki, onların ərazisində ov qadağandır.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2010-ci il fevralın 28-dən ölkə ərazisində ov mövsümünü bağlamışdı. Mart, aprel və may ayları ovuna icazə verilmiş heyvanlarn cütləşməsi, bala dünyaya gətirməsi dövrü olduğundan göstərilən müddətdə bütün ovçuluq təsərrüfatları qapalı saxlanılır.

Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin məlumatına görə, ovçular sırasına qoşulan yeni üzvlərin sayı artır. Hazırda Azərbaycanda 20 mindən çox adam ovçuluqla məşğul olmaq icazəsinə malikdir.

Qeyd edək ki, 2005-ci ilin oktyabrından “quş qripi” ilə əlaqədar Azərbaycanda quş ovuna qadağa qoyulduğundan ovçuluq təsərrüfatlarında quşlar ovlanmır. Son dörd ildə ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Yəni ancaq qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə), yenat, çaqqal və bəzi növ balıqların ovuna icazə verilir. Həmin heyvanların isə sayına müvafiq olaraq məhdud ov limiti müəyyənləşdirilir. Rəsmi məlumatlara görə, Azərbaycandakı ov ərazilərində 14 min başa yaxın təkə, 1600 başa yaxın qaban, 27 min baş dovşan, 2300 baş dələ, 20 min baş qunduz yaşayır.

2004-cü ilədək Azərbaycnda ayı ovu da mümkün imiş, amma hazırda ona güllə atmaq qadağandır. Bu, son illər ayıların sayının azalması ilə bağlıdır.

Ölkəmizdə ovçuluqla məşğul olmaq istəyən vətəndaş Respublika Ovçular və Balıqçılar Cəmiyyətinə ərizə ilə müraciət etməli və ovçu huququnu təsdiq edən sənəd almalıdır. Ovçuluq hüququna yiyələndikdən sonra o, qanunla yaşadığı ərazinin polis şöbəsinə müraciət edib ov silahından istifadə ilə bağlı xüsusi icazə kağızı almalıdır. Həmin sənəd əsasında isə ovçuluq mağazalarından ov silahı almaq mümkündür.

Azərbaycana ovçuluq sursatları xaricdən gətirilir. Paytaxtdakı xüsusi mağazalarda müxtəlif adda və çeşiddə Rusiya, İtaliya, Türkiyə və digər xarici ölkələrin istehsalı olan ov silahları satılır. Bu ticarət obyektlərində xüsusi geyimlər, barıt, güllə, tüfənglər, tilovlar, xəncərlər, bıçaqlar, bir sözlə ovçuluq üçün tələb olunan hər cür odlu və soyuq silah növləri tapmaq olar. Müşahidələr göstərir ki, ovçuların ən çox almaq istədikləri odlu ov silahı Rusiya istehsalı olan beşatılandır.

Azərbaycanda o zamanı tapançadan istifadə qadağandır. Daxili İşlər Nazirliyi ov tapançalarının ölkəyə gətirilməsi və satışını yasaq edib.

Rəsmi məlumatlara görə, ovçuluq təsərrüfatlarına ciddi nəzarət olunmasına baxmayaraq brokonyerlik hallarının qarşısı tam alınmayıb. Bu səbəbdən də ovu qadağan edilmiş vəhşi heyvanların ovlanmasına görə cərimənin məbləği bir neçə dəfə artırılaraq, minimum əməkhaqqının 3000 mislinə çatdırılıb. Azərbaycan təbiətinin nadir fauna növlərindən olan ceyranın ovlanmasına görə isə təkcə cərimə ilə can qurtarmaq mümkün deyil, həm də Cinayət Məcəlləsinin 258-ci maddəsilə dəmir barmaqlıqlar arasına düşmək olar.   Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı