Modern.az

Azərbaycanda qaban ovlamaq istəyənlər 16 manat ödəməlidirlər

Azərbaycanda qaban ovlamaq istəyənlər 16 manat ödəməlidirlər

12 İyun 2010, 11:30

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi internet saytının məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, bu il 5 iyun tarixindən açılan 2010-2011-ci il üçün ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri aşağıdakı kimi müəyyən edilib. • Təkənin 05 iyun-23 oktyabr 2010-cu il tarixlərində; • Qabanın (çöl donuzu) 13 sentyabr -25 dekabr 2010-cu il tarixlərində; • Dovşanın 11 dekabr 2010-cu il- 05 fevral 2011-ci il tarixlərində; • Bataqlıq qunduzunun (nutriya) 16 oktyabr 2010-cu il-26 fevral 2011-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir. • Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir. H.Əlizadə deyib ki, vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir: • Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı; • Təkə - Zaqatala, Şəki, Qax, Oğuz ; • Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı. H.Əlizadənin sözlərinə görə, ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib: • Dovşana 2 manat 20 qəpik; • Çaqqala 3 manat 96 qəpik; • Yenota və qunduza 1 manat 65 qəpik; • Təkəyə 24 manat 75 qəpik; • Qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir. Nazirlik rəsmisi deyib ki, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI