Modern.az

Nazir əmr verib: diplom və attestat üçün pul tələb oluna bilməz

Nazir əmr verib: diplom və attestat üçün pul tələb oluna bilməz

12 İyun 2010, 15:59

Ali məktəblərdə, texnikumlarda, ümumtəhsil məktəblərində keçirilən buraxılış imrahanları bir neçə gündən sonra yekunlaşacaq. Təhsil ocaqlarının məzunları böyük səbirsizliklə diplom və attestat alacaqları günü gözləyirlər. Diplom alanlar iş axtaracaq, attestat alanlar isə ali məktəblərə sənəd verəcəklər.  Amma diplom və attestat əldə etmək məzunlara havayı başa gələcəkmi? Bəzi məlumatlara görə, təhsil ocaqlarında həmin sənədlər üçün məzunlara indidən qiymətlər oxumağa başlayıblar. Amma Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsindən Modern.az-a bildirlib ki, elə bu günlərdə təhsil naziri Misir Mərdanov sözügedən məsələylə əlaqədar əmr verib.

Nazirin əmri ilə Təhsil Nazirliyinin müvafiq şöbələri, Naxçıvan MR Təhsil Nazirliyi, şəhər (rayon) təhsil şöbələri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri

təhsil haqqında dövlət sənədlərini verərkən "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları" haqqında Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutmalıdırlar.

Modern.az saytı Nazirlər Kabinetinin  29 aprel 2010-cu il 82 nömrəli

"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

qərarını əldə edərək sənədin müddəaları ilə tanış olub. Həmin sənəddə bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində adi və fərqlənmə diplomları verilə bilər. Adi diplomlar göy, fərqlənmə diplomları isə qırmızı rənglidir. Qaydalara görə, diplom məzunlara ali təhsil müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilməlidir.

Texnikumlarda da məzunlara adi və fərqlənmə diplomları veriləcək .

Peşə təhsili müəssisələrində təhsil haqqında dövlət sənədləri

adi və xüsusi nümunəli diplomlardan,  sertifikatdan ibarətdir. Diplom və sertifikat peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə verilir.

Ümumitəhsil məktəblərində 9-cu sinfin məzunlarına ümumi orta təhsil haqqında şəhadətnamə (adi və xüsusi nümunəli), 11-cilər üçün tam orta təhsil haqqında attestat (adi və xüsusi nümunəli) veriləcək.                     Nazirlər Kabinetinin  29 aprel 2010-cu il 82 nömrəli qərarına görə, bütün təhsil ocaqlarında diplomun və diploma əlavənin, sertifikatın, şəhadətnamənin, attestatın və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə məzunlardan heç bir ödəniş tələb edilə bilməz. Adəm Qorxmaz

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI