17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramıdır. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə əsas ixtisaslar üzrə 32500-dən çox həkim var. Onların 8500-dən çoxu terapevt, 4500-ə yaxını pediatr, 3800-dən çoxu cərrah, 2500-ə yaxını diş həkimi, 2 mindən çoxu ginekoloq, 1500-ə yaxını sanitar-epidemioloqdur. Yerdə qalan həkimlər digər ixtisaslar üzrə fəaliyyət göstərirlər. Hazırda ölkə əhalisinin hər 10 min nəfərinə 37,7 həkim düşür. Qadınların hər 10 min nəfərinə 4,8 ginekoloq, uşaqların hər 10 min nəfərinə 17,9 pediatr düşür.
Hazırda ölkə üzrə 62500-dən çox orta tibb işçisi var. Onların 34700-ü tibb bacısı, 8600-ü feldşer, qalanları digər ixtisaslı orta tibb işçilridir. Ümumiyyətlə əhalinin hər 10 min nəfərinə 72,6 orta tibb işçisi düşür.
Ölkədə tibb sahəsi üzrə 200-dək elmlər doktoru, 800-dən çox elmlər namizədi var. Bu gün dövlət büdcəsindən maliyyələşən təşkilatlar arasında səhiyyə obyektləri işçilərə ən az maaş verən müəssisələr sırasındadır. Bu səbəbdən də bu müəssisələrdə rüşvətsiz iş görülmür. Tibb Universiteti hər il müxtəlif ixtisaslı 1000-dən çox həkim buraxır. Amma son illər respublikanın bölgələrində yeni səhiyyə müəssisələrinin açılması, köhnələrin isə əsaslı təmir və yenidən qurulması istiqamətində işlər aparılsa da, bəzi regionlarda həkimlər çatışmır. Bölgələrdəki tibbi kadr probleminin aradan qaldırılması üçün Səhiyyə Nazirliyində xüsusi proqram həyata keçirilir. Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin məlumatına görə, hazırda bütün tibb müəssisələrində işə qəbul və işdən azad edilmə üzrə komissiyalar fəaliyyət göstərir. İndi səhiyyə ocaqlarında işə qəbul yalnız mətbuatda elan verməklə, müsabiqə əsasında, Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi bildirlir. Modern.az