İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışında iştirak edib.
İlham Əliyev yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini və əməkdaşlarını təbrik edib.
Dövlət başçısı açılışı bildirən lenti kəsəndən sonra bina ilə yaxından tanış olub. (AzərTAc)
Prezidentə məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var. Binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb, ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bina ilə tanış olan Prezident İlham Əliyev Mərkəzi Seçki Komissiyasının kollektivini bir daha təbrik edib, tövsiyələrini verib.