Modern.az

DİN bir gündə 8 nəfərin suda boğulduğunu xəbər verib

DİN bir gündə 8 nəfərin suda boğulduğunu xəbər verib

12 İyul 2010, 14:45
Rəsmi məlumatlardan aydın olur ki, son günlər su hövzələrində çimərkən boğulub ölənlərin sayı artıb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 11-də 8 nəfər ayrı-ayrı yerlərdə çimərkən suda boğulub.

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Privolnoye kənd sakinləri Fərid Qarayev, qardaşı Nahid və Darılıq kənd sakini Seymur Musayev su anbarında çimərkən suda boğulublar.

Həmin gün Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini Yaşar Səfərov "Şirvan" su kanalına yıxılaraq boğulub. Samux rayonunun Yenikənd kəndi ərazisində Gəncə şəhər sakini Elşən Həsənov Kür çayında çimərkən boğulub.

İmişli rayonunun Çaxırlı kəndi ərazisində isə rayon sakini Samir Hüseynov göldə çimərkən boğulub.

Yevlax rayonundakı 11-ci Buxta adlanan ərazidə Gəncə şəhər sakini Orxan Musayev də Mingəçevir gölündə çimərkən suda boğulub.

İyulun 11-də Nabran qəsəbəsindəki çimərlikdə də qəsəbə sakini Rəşad Məmmədov suda boğulub.

Xəbərdarlıq

Bu arada Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) vətəndaşları çimərliklərdə aşağıdakı davranış qaydalarına ciddi riayət etməyə çağırıb.

- Çimərlikdə uşaqları nəzarətsiz qoymayın;

- Sərxoş halda çimmək sizin həyatınızın sonu ola bilər;

- Qadağan olunmuş yerlərdə çimmək olmaz;

- Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirməyin;

- Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə hüququ verilir;

- Çimərlik kimi istifadə üçün ayrılmamış yerlərdə çimmək olmaz;

- Çimmə zonasının işarələnmiş sərhədlərini keçmək olmaz;

- Su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək qadağandır;

- Çimərliklərdə spirtli içkilər içmək qadağandır;

- Çimərliklərdə sərxoş halda gəzmək və çimmək olmaz;

- Çimərlik ərazisini və suyun dibini şüşə və konserv bankaları, ərzaq tullantıları ilə zibilləmək qadağandır;

- Çimmə zonasında balıq ovlamaq qadağan edilir;

- Çimərliklərin ərazisinə qayıqların və kiçik gəmilərin daxil olması qadağandır;

- Qayıqların (skuterlərin) sərxoş şəxslərə verilməsi qadağandır;

- Qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq olmaz;

- Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan DSXX əməkdaşlarının çağırışlarına və tələblərinə riayət etməlidir;

- DSXX-nin məntəqəsinin, xilasetmə texnika və avadanlığının, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır;

- Nəzarətsiz ərazilərdə çimmək olmaz, bu insan həyatı üçün təhlükəlidir;

- Tanış olmadığınız ərazidə çimmək qadağandır;

- Xəbərdaredici nişanlara və lövhələrin tələblərinə riayət edin;

- Belə lövhələri sındırmaq və ya ondan şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.

Modern.az
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI