Azərbaycana səfərə gələn Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyəti iyulun 22-də Atatürk Mərkəzində “Türkiyə mətbuatı və Qarabağ” mövzusunda mətbuat konfransı keçirib. Tədbir Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) ilə birgə təşkil edilib. Modern.az-ın məlumatına görə, tədbirdə Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, PJB sədri Elşad Eyvazlı iştirak edib. Tədbirdə çıxış edən PJB rəhbəri Elşad Eyvazlı bildirib ki, Türkiyə mətbuatının diqqət mərkəzində olan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi və onunla ilgili proseslərdir.
Onun sözlərinə görə, məhz PJB ilə TGF arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il Türkiyə mətbuatı üçün “Qarabağ ili” elan olunub və indiyə qədər Türkiyənin bir çox şəhərlərində “Ermənlərin Azərbaycanfda törətdikləri soyqırım fotolarda” adlı sərgi keçirilib. TGF sədri Atilla Sertel Azərbaycan Milli Mətbuat günü ilə bağlı jurnalistləri təbrik edib. O, bildirb ki, media dünyanın bütün dövlətlərində insanların məlumatlandırılması baxımından böyük rola malikdir. A.Sertel deyib ki, Azərbaycanda mətbuat azadlığı var və bunun daha da inkişaf etməsini istəyir: “Azərbaycan və Türkiyənin bu qədər yaxın olmasında da medianın rolu böyükdür. Türkiyə mediası Qarabağ məsələsini illərdir ki, öz məsələsi kimi işıqlandırır. Bu gün Ermənistanın Türkiyəyə qarşı da iddiaları var və qondarma soyqırımı ilə bağlı iddialarda hər zaman saxta arqumentlərlə çıxış edirlər. Əslində onların qondarma erməni soyqırımı ilə bağlı təqdim etdiyi fotoşəkillər ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi qətliamların fotolarıdır”. Tədbirdə Türkiyə Qəzetçilər Federasiyasının digər üzvləri də çıxış edib və jurnalistlərin sallarını cavablandırıblar.
|
|