Modern.az

Mübariz İbrahimovun Şəhidlər xiyabanında dəfn edilməsi təklif olunur

Mübariz İbrahimovun Şəhidlər xiyabanında dəfn edilməsi təklif olunur

17 Avqust 2010, 16:56



Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələri ilə döyüşdə qəhrəmanlıqla həlak olan gizir Mübariz İbrahimovun meyiti 2 aya yaxındır ki, düşmənin əlindədir. Milli Qəhrəmanın meyitinin alınması istiqamətində atılan addımlar hələ ki nəticəsiz qalır.

“Erməni tərəfi gizirimizin meydinin onlarda olmadığını iddia etsə də, onu rəsmi şəkildə təsdiqliyə bilmir. Məsələ ilə bağlı Müdafiə Nazirliyi (MN) öz işlərini görur”.  
Bu sözləri Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyib. Onun sözlərinə görə,  Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin geri alınması ilə bağlı aparılan proses daim diqqətdə olan məsələdir və Müdafiə Nazirliyi bu istiqamətdə beynəlxalq qurumlarla intensiv danışıqlar aparır.

“İnanırıq ki meyit yaxın zamanlarda qaytarılacaq”-deyə MN-in sözçüsü vurğulayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, şəhid Mübariz İbrahimovun meyitinin geri qaytarılması ilə bağlı Azərbaycan tərəfi quruma  iyun ayında rəsmi şəkildə müraciət edib.

“Biz də Azərbaycan hökümətinin müraciətini erməni tərəfinə çatdırdıq. Erməni tərəfin bizə verdiyi cavabı biz komitə olaraq Azərbaycan hökümətinə və şəhidin ailəsinə çatdırmışıq. Hələlik heç bir yenilik yoxdur”-deyən qurumun nümayəndəsi qeyd edib ki, onlar yalnız tərəflər arasında vasitəçi rolunu oynayırlar.

Şəhid gizirin meyiti qaytarıdıqdan sonra harada dəfn ediləcək?

Bununla bağlı bir sıra təkliflər gündəmə gəlib. Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı T.Abdullayev deyib ki, Milli Qəhrəman ən şərəfli yerdə dəfn olunacaq.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, Milli Qəhrəmanın dəfn olunması məsələsində birinci növbədə ailəsinin arzusu nəzərə alınmalıdı. Bununla yanaşı, QAT sədri gizirin Şəhidlər Xiyabanında dəfn olunmasını təklif edir.

“Mən Milli Qəhrəmanımızın ailəsinə də baş çəkmişəm, özləri dindar ailədirlər,  həm də seyid ailəsidir. Əgər onlar razılıq versələr, şəhidimizi Şəhidlər xiyabanında dəfn etsək, daha yaxşı olar”.

A.Nağının fikrincə şəhidin dəfn ediləcəyi gün bir gün əvvəldən elan olunmalıdı.  “Mən inanıram ki, dəfn mərasimində təkcə ölkə vətəndaşları yox, xaricdə yaşayan soydaşlarımız da iştrak edəcəklər. Yəqin ki, dəfn mərasiminə 100 minlərlə insanın axını olacaq”-deyə o, vurğulayıb.

M.İbrahimov iyunun 18-də Tərtər rayonunun Çaylı kəndi istiqamətində ermənilərlə döyüşərək düşmənin bir neçə əsgərini məhv edib və qəhrəmancasına həlak olub. Azərbaycan Ordusunun həlak olan 22 yaşlı gizirinin meyitini ermənilər indiyədək Azərbaycan tərəfinə qaytarmayıblar.

Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI