ABŞ-ın Florida ştatının Qeynşvill şəhərinin xristian icması 11 sentyabr hadisələrinə etiraz olaraq müqəddəs kitabımız olan “Quran”ı yandırmaq aksiyası həyata keçirmək istəyir. Artıq amerikalı müsəlmanlar buna etiraz edərək kütləvi yürüş təşkil ediblər və xristianların aksiyasını “səlib yürüşü” adlandırıblar.
Bu xəbər Azərbaycanda da ciddi rezonansa səbən olub və xristianların hərəkəti etiraz doğurub.
“Qafqaz Müsəlmanları İdarəsinin bu məlumatdan xəbəri var və idarə belə aksiyanı müsəlmanlara qarşı böyük hörmətsizlik kimi dəyərləndirir”.
QMİ-nin nümayəndəsi Hacı Faiz Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, əgər belə bir aksiya keçiriləcəksə, bütün azərbaycanlı müsəlmanlar etiraz edəcəklər:
“Bir müsəlman kimi bunu deyirəm. Onlar əgər belə bir şeyə hazırlaşırlarsa, onlara əks olaraq biz də çox şeyə hazırlaşırıq. Hələki belə bir şey yoxdur və inşallah olmayacaq”.
Hacı Faizin sözlərinə görə, 11 sentyabr hadısələrinin Qurani-Kərimə heç bir dəxli yoxdur.
Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli də qeyd edib ki, xristianların belə təşəbbüslərini kəskin şəkildə pisləyirlər.
“Xristian icmasının bu bəyanatından xəbərdarıq. Amerikanın özündə o qədər musəlmanlar var ki, bu məsələ baş tutmayacaq”-deyən AİP rəsmisinin sözlərinə görə belə bir addım atılacağı təqdirdə partiya ABŞ-ın Azərbaycandakı səfirliyinə narazılığını bəyanatlar, etirazlar şəklində bildirəcək.
“Amerikada baş verən 11 sentyabr terror hadisəsini musəlmanlarla bağlamaq düzgün deyil. Artıq butun dunya ictimayəti bunu təsdiq edir ki, həmin hadisəni musəlmanlar törətməyiblər. Bu ABŞ dövlətinin bir siyasəti idi”-deyə A.Heydərli qeyd edib.
Mail Ağaxanov