395 namizəd dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib
2010-cu il 5 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 42 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2010-cu il 9 mart tarixədək davam edib. Müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 30 aprel – 5 iyul tarixlərdə Komissiyasının “Test imtahanı mərkəzində” keçirilib.
Komissiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4111 (966-sı qadın, 3145-i kişi) namizəd qeydə alınıb. Onlardan 324-ü qadın, 1010-u kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 580 nəfəri (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi 2010-cu il 25 may tarixdə başlayıb, 2010-cu il 24 avqust tarixdə başa çatıb. 1334 namizəddən 395-i (97 qadın, 298 kişi) bu mərhələni uğurla başa vurub. Vakant dövlət qulluğu vəzifəsinə uyğun bilinən namizədlərin gender və yaş qrupları üzrə göstəriciləri aşağıdakı kimi olub:
20-29 yaşarası - 323 nəfər (88 qadın, 235 kişi);
30-39 yaşarası - 54 (7 qadın, 47 kişi);
40-49 yaşarası - 12 (2 qadın, 10 kişi)
50-59 yaşarası - 6 (hamısı kişi)
Modern.az