Modern.az

Mübariz Əhmədoğlu: "Rusiya Ermənistanı notarial qaydada özəlləşdirdi"

Mübariz Əhmədoğlu: "Rusiya Ermənistanı notarial qaydada özəlləşdirdi"

25 Avqust 2010, 15:54

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edib.

Modern.az-ın məlumatına görə, Mübariz Əhmədoğlu bildirib ki, Rusiya prezidenti Ermənistana bu ölkənin rəhbərliyinin dəvəti ilə gedib. Onun sözlərinə görə, Ermənistandakı Rusiya hərbi bazalarının müddətin uzadılması ilk növbədə rəsmi Yerevanın konfliktə meyilli olması ilə bağlıdır: “Müqavilənin müdətinin uzadılması ilə Ermənistan öz müstəqilliyini itirdi. Artıq Ermənistan hərbi-siyasi, iqtisadi cəhətdən Rusiyanın təsir dairəsinə düşüb. Ermənistandakı Rusiya hərbi bazalarının müddətinin uzadılması bu ölkədə ikihakimiyyətliliyin əsası qoydu. Bundan sonra Ermənistanda müdafiə nazirinin statusu prezidentin statusundan cuzi fərqlənəcək”.
M.Əhmədoğlunun sözlərinə görə, D.Medvedevin Yerevana səfəri ilə Rusiya Ermənistanı notarial qaydada özəlləşdirdi: “Rusiya gələcəkdə Ermənistanı satışa çıxaracaq. Ermənistana ən çox pul verməyə hazır olan dövlət isə Azərbaycandır. Azərbaycanın iqtisadi potensialı Ermənistanı satın almağa imkan verir”.
Politoloq deyib ki, Ermənistanda Rusiya hərbi bazalarının müddətinin uzadılması ilk növbədə İranın əleyhinədir. Bu sırada ikinci yerdə Gürcüstan, üçüncü yerdə Azərbaycan, sonra isə Türkiyə dayanıb. SİTM sədrinin fikrincə, Ermənistan plana uyğun olaraq anti-iran dövlətinə çevrilib: “ ABŞ ən müasir radioaktiv ölçmə cihazlarını Ermənistanda yerləşdirib. Həmçinin NATO-nun ən təhlükəli kimyəvi silahları da Ermənistandasdır. Artıq 3-4 aydır ki, Ermənistan öz ərazisindən İrana hansı yüklərin keçməsi ilə bağlı Amerikaya hesabat verir. Bu gün ABŞ-ın mütəxəssisləri Ermənistanı gömrük-keçid məntəqələrində oturub bu prosesə nəzarət edirlər. Təbii ki, gec ya tez İran bu məsələyə reaksiya verəcək. Bu zaman isə Ermənistanın təhlükəsizliyi üçün ciddi problem yaranacaq. Ermənistan bunu nəzərə aldığı üçün indidən Rusiyaya sığınmağa qərar verib”.
M.Əhmədoğlu deyib ki, Rusiyanın Ermənistanda təsir imkanlarının artırması daha çox anti-Türkiyə addımı kimi başa düşülsə də, Türkiyə, eləcə də ABŞ məsələyə münasibət bildirmədi: “Türkiyədə qısa müddət ərzində Ermənistana qarşı münasibət dəyişib. Ermənistanın Türkiyəni təhqir etməsinə baxmayaraq, rəsmi Ankara xüsusi səylə yenidən Ermənistanla münasibətləri istiləşdirməyə başlayıb. Ermənilər ABŞ-ın anti-İran sifarişini yerinə yetirdikləri üçün ABŞ-dan Türkiyəyə təzyiqi artırmağı tələb edirlər. Ermənilər erməniliklə türklük arasında savaşın yeni mərhələsini başladılar. Onlar ABŞ və Rusiyanın köməyi ilə Türkiyəyə qalib gəlmək istəyirlər”.

Mübariz Əhmədoğlu qeyd edib ki, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamədən sonra Sankt-Peterburq təklifləri öz əhəmiyyətini itiribi: “KTMT-nın nizamnaməsinə dəyişiklik məsələsi aktuallaşıb. Bu dəyişikliklərdən sonra KTMT-nın Dağlıq Qarabağ münaqişəsində iştirakı ilə bağlı spekulyasiyalara son qoyula bilər. KTMT-nın nizamnaməsində ciddi boşluq var. Mövcud nizamnaməyə görə, KTMT üzvləri təcavüzə məruz qalan müttəfiqlərini müdafiə etməyə borcludurlar. Lakin KTMT üzvü olan dövlət müharibənin başlanmasında günahkar olarsa, KTMT üzvlərinin necə davranacağı ilə bağlı nizamnamədə heç bir müddəa yoxdur. Ermənistanın konfliktogen dövlət olmasına son qoyulmalıdır. Əks təqdirdə, Ermənistan vaxtaşırı Rusiyanın Türkiyə, İran, Azərbaycan və Gürcüstanla münasibətlərində problem yaradacaq. Gürcüstanı Ermənistanın avantüralarından qorumaq üçün Azərbaycan bütün addımları atmalıdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI