Modern.az

AZAL və Xəzər Dəniz Gəmiçiliyi Nəqliyyat Nazirliyinə hesabat verirmi?

AZAL və Xəzər Dəniz Gəmiçiliyi Nəqliyyat Nazirliyinə hesabat verirmi?

26 Avqust 2010, 16:02


Ölkə başçısının 5 avqust 1998-ci il tarixli 743 saylı fərmanı ilə yaradılan Nəqliyyat Nazirliyinin Əsasnaməsinə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Lakin nədənsə bu nazirliyin gördüyü işlər barədə rəsmi hesabat verilərkən ancaq dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları sahəsində həyata keçirilən tədbirlərdən söz açılır. Nəqliyyat Nazirliyinin açıqlamalarında heç vaxt su və mülki hava nəqliyyatı sahələrindəki işlərdən bəhs olunmur.

Məlumatlara görə, Nəqliyyat Nazirliyinin kollegiya islaslarına bir qayda olaraq yalnız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, «Azəryolservis» Açıq Səhmdar Səmiyyəti, «Avtonəqliyyatservis» Departamenti və digər tabe qurumların sədrləri qatılırlar, Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərləri isə orada iştirak etmirlər.

Halbuki, Əsasnaməyə görə, Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında quruma daxil olan digər strukturlar kimi, Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərləri Aydın Bəşirovla Cahangir Əsgərov da iştirak etməlidirlər.

Modern.az-a verilən məlumatlara görə, indiyədək Nəqliyyat Nazirliyinin heç bir kollegiya iclasında Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərləri iştirak etməyib. Ölkə mətbuatında da tez-tez belə məlumatlar yayılır ki, nə gəmiçiliyin rəisi Aydın Bəşirov nəqliyyat naziri Ziya Məmmədova hesabat verir, nə də AZAL-ın prezidenti Cahangir Əsgərov.

Maraqlıdır ki, bu vaxtadək nəqliyyat naziri Ziya Məmmədovun da adları çəkilən qurumların fəaliyyəti barədə hər hansı açıqlamasına rast gəlinməyib.

Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin katiblik rəisi Namiq Həsənov əməkdaşımızla söhbətdə Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərlərinin Nəqliyyat Nazirliyindəki iclaslara qatılmaması barədə məlumatları təkzib edib: “Bunlar qəti şəkildə yalandır”.
N.Həsənovun sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkəti həmişə Nəqliyyat Nazirliyinin toplantılarında təmsil olunur: “İstər AZAL, istərsə də Xəzər Dəniz Gəmiçiliyi həmişə Nəqliyyat Nazirliyinə hesabat verir”.

Vüqar Ağamalıoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI