DSK sədri Heydər Vəliyev: "Hüseyn Abdullayevə qarşı burada heç bir təzyiq-filan olmayıb"
Bu gün sabiq millət vəkili Hüseyn Abdullayevin polis tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb. Bəzi KİV-lərin yaydığı məlumata görə, H.Abdullayev namizədliyini irəli sürmək üçün sənədlərini təqdim etməyə getdiyi 25 saylı Nizami II seçki dairəsində mübahisə yaranıb.
Yayılan xəbərdə bildirlir ki, DSK-da H.Abdullayevə onun üzərində məhkumluğu olduğu üçün namizədliklə bağlı qeydiyyata alınmayacağı bildirilib. Guya DSK sədrinin sənədləri qəbul etməməsi mübahisəyə səbəb olub. Münaqişə daha da şıddətləndikdə DSK rəhbərliyi polis çağırıb və guya, H.Abdullayevi həbs ediblər.
Modern.az məsələni araşdırmağa çalışıb. Bununla bağlı sözügedən DSK ilə əlaqə saxladıq. DSK sədri Heydər Vəliyev saytımıza açıqlamasında yayılan xəbərləri dezinformasiya adlandırdı:
“Bəli Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsinə gəlmişdi. Onun sənədləri DSK-da qəbul edilib. Hüseyn Abdullayevə qarşı burada heç bir təzyiq-filan olmayıb. Belə xəbərlər şayiədən başqa bir şey deyil”.
Xatırladaq ki, H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı.
Modern.az