Modern.az

Qüdrət Həsənquliyev: “İsa Qəmbərin Aram Manukyanla bəyannamə imzalaması rəzalətdir”

Qüdrət Həsənquliyev: “İsa Qəmbərin Aram Manukyanla bəyannamə imzalaması rəzalətdir”

12 Oktyabr 2010, 11:23

Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannaməyə imza atıb. Müsavat Partiyası başqanının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ən aqressiv və sərt mövqe sərgiləyən Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri ilə birgə sənədə imza atması Azərbaycanın əksər siyasi partiyalarının hiddətinə səbəb olub.

Modern.az-ın məlumatına görə, İsa Qəmbərin bu addımına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Müsavat Partiyası başqanının Aram Manukyanla birgə sənədə imza atmasını «rəzalət» adlandırıb:
«Əzizlərin məzarı erməni tapdağında qalan bir şəxsin ona bu mənəvi əzabı, acını yaşadan işğalçı ölkənin Azərbaycan torpaqlarının qəsb edilməsində bilavasitə iştirak edən siyasi qüvvənin nümayəndəsilə birgə bəyannamə imzalamasının bir adı var – rəzalət. Bu fakt şübhəsiz ki, xarici qüvvələrin sifarişi ilə gerçəkləşdirilib və İsa Qəmbərin, həmçinin onun təmsil etdiyi siyasi düşərgənin antimilli mövqedə dayandıqlarını, öz hakimiyyət maraqlarının təmin olunması üçün Azərbaycan xalqının və dövlətinin əleyhinə istənilən sənədə imza atmağa hazır olduqlarını sübuta yetirir».

BAXCP sədri bildirib ki, Azərbaycan torpaqları məhz Erməni Ummummili Hərəkatının lideri Levon Ter-Petrosyanın Ermənistan prezidenti olduğu zaman işğal edilib və hazırda adıçəkilən hərəkat Dağlıq Qarabağ məsələsində ölkəsinin təcavüzkar siyasətini davam etdirən  Serj Sərkisyanı belə xəyanətdə, satqınlıqda suçlayır: «İsa Qəmbərin işğal edilmiş Azərbaycan torpaqlarının bir qarışının belə qaytarılmasının əleyhinə olan Erməni Umummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyanla eyni sənədi imzalaması Müsavat Partiyasının milli qüvvə statusunu itirdiyini bir daha təsdiqləyir. Əminəm ki, Azərbaycan xalqı noyabrın 7-də bu rəzalətə öz münasibətini bildirəcək».

Qüdrət Həsənquliyev bildirib ki, İsa Qəmbər polis bölməsinin rəisinə uduzduğuna görə seçki dairəsini dəyişə bilər, ancaq Azərbaycan xalqının ona olan münasibətini heç vaxt dəyişə bilməz: «Hakimiyyətə gəlmək üçün «erməniyə dayı deyənlərə» yazıqlar olsun».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu