Yeni dərs ilində bəzi ali məktəblərdə tədris prosesi yeniliklərlə müşayiət olunur. Modern.az-ın məlumatına görə, bir sıra universitetlərdə dərs saatlarının müddəti azaldılıb. Artıq tələbələr bir dərsdə 80 dəqiqə deyil, 45 dəqiqə otururlar.
Bununla bağlı fikirlərini bildirən təhsil naziri Misir Mərdanov deyib ki, universitetlərin 45 dəqiqəlik dərs sisteminə keçməsi hər bir ali məktəbin öz səlahiyyətinə aid olan məsələdir. “Elə universitet var, bununla bağlı nazirliyə rəsmi müraciət edib. Deyiblər ki, onlar belə dərs sisteminə bu semestr keçə bilmirlər, müəllimlərin bir qismi digər yerlərdə də dərs deyir ona görə. Vaxt istəyiblər ki, gələn semestr həmin sistemə keçəcəklər. Təhsil Nazirliyi buna musbət yanaşır”.
M.Mərdanov onu da vurğulayıb ki, orta məktəbi qutaran və universitetin 1-ci kursuna qəbul olan tələbələr üçün bir dərsdə 80 dəqiqə deyil, 45 dəqiqə oturmaq daha yaxşıdır.
“Ona görə ki, orta məktəbdə dərsdə 45 dəqiqə oturan şagirdə birdən-birə universitetdə 80 dəqiqəlik dərs çətin gəlir”-deyə nazir bildirib.
Qeyd etdiyimiz kimi, 45 dəqiqəlik dərs sisteminə artıq bir neçə ali məktəb keçib. Onlardan biri Dövlət İdarəçilik Akademiyasıdır. Akademiyanın mətbuat xidmətinin rəhbəri Sona Məmmədova bildirib ki, bu üsul yeni dərs ilindən tətbiq olunur. “Təhsil Nazirliyindən bizə məktub gəlib. Akademiyada dərslər 45 dəqiqə tədris olunur, 5 dəqiqə tənəffüs olur, həmin fənnin tədrisi növbəti 45 dəqiqə davam etdirlir”.
Qafqaz Universitetin mətbuat xidmətinin rəhbəri Fuad Şərbətov da bildirib ki, onlarda da bir dərsin müddətu 45 dəqiqədir. Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən isə bildiriblər ki, 45 dəqiqəlik dərs sisteminə keçməklə bağlı Təhsil Nazirliyindən məktub almayıblar.
Mail Ağaxanov