Bu gün Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Modern.az-ın məlumatına görə, müzakirələr zamanı çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, gələın il Azərbaycanda pensiya kartlarının təzələnməsi nəzərdə tutulur. O, yeni plastik kartların hazırlanması üçün tender keçiriləcəyini qeyd edib.
S.Müslümovun sözlərinə tenderdə qalib gələcək qurum yeni pensiya kartlarını hazırlayacaq.
Fond rəhbəri qeyd edib ki, növbəti ilin büdcəsində əhaliyə ödənişlərin 1 853 mln. manatını və ya 96,6%-ni pensiya xərcləri, 64,6 mln. manatını və ya 3,4%-ni isə müavinət xərcləri təşkil edir. Pensiya xərcləri cari illə müqayisədə 13,4% və ya 190,6 mln. manat çox pronozlaşdırılır. Müavinət xərcləri isə 10,2 mln. manat və ya 18,7% artacaq. Pensiya xərclərinin 71%-ni pensiyaların baza hissəsi, 29%-ni sığorta hissəsinin ödənişi üzrə xərclər təşkil edəcək. Pensiyaların baza hissəsi üzrə xərclər cari ilə nisbətən 178 mln. manat, sığorta hissəsi üzrə xərclər isə 41 mln. manat artacaq. Baza hissəsinin artımının sığorta hissəsinin artımını üstələməsi ümumi pensiya xərclərində baza hissəsinin xüsusi çəkisinin 1,3 faiz bəndi artmasına səbəb olacaq.
S.Müslümov bildirib ki, pensiyaların baza hissəsinin hesablanması zamanı bunlar əsas götürülüb: 2011-ci ildə əmək pensiyaçılarının sayının dəyişməyəcəyi, yəni sistemdən çıxan və sistemə daxil olan şəxslərin sayının təqribən bərabər olacağı və pensiyaçıların orta illik sayının 1,308 mln. nəfər təşkil edəcəyi nəzərdə tutulur. Bu şəxslərdən 1,168 mln. nəfərinin pensiyasının baza hissəsi 100%, 15,900 min nəfəri 120%, 7,650 min nəfəri 200%, 28,860 min nəfəri 55%, 87,860 min nəfərinin isə 50%-lə ödəniləcək.
«Ümumilikdə gələn il üçün əmək pensiyalarının orta aylıq məbləği 118 manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 14 manat və ya 13,4% çoxdur. Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat nəzərdə tutulub», - deyə DSMF başçısı vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin gəlirləri 1 milyar 870 milyon 540 min manat, xərcləri 1 milyard 970 milyon 540 min manat məbləğində nəzərdə tutulur.
Modern.az