Modern.az

“ Müxalifət namizədləri arasında Rusiya bazarlarında alver edənlər də var...”

“ Müxalifət namizədləri arasında Rusiya bazarlarında alver edənlər də var...”

Ölkə

19 Oktyabr 2010, 13:48


Siyavuş Novruzov müxalifəti seçkini pozmaqda ittiham edib

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, partiyanın 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizədi Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində müxalifəti seçkini pozmaq istəməkdə ittiham edib. Onun sözlərinə görə, müxalifət istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsi dövründə mütəmadi şəkildə qanunvericiliyi pozub.
“Bunun isə bir neçə səbəbi var. Birincisi, onlar qanundan xəbərdar deyillər, qanunları bilmirlər. Bundan başqa, ortada xoş olmayan məqsəd var. Çünki onlar imza toplaya bilmirdilər və qəsdən qanunu pozurlar ki, onların namizədlikləri ləğv olunsun. Və ya təbliğat kampaniyasını vaxtından əvvəl başladılar. Bir sıra dairələrdə bu məsələlərlə bağlı məlumatlar toplanıb və MSK-ya təqdim olunub. Ümumilikdə, müxaliflər seçki prosesinə kölgə salmaqdan ötrü müxtəlif üsul və vasitələrdən istifadə edirlər”-deyə S. Novruzov bildirib.

Deputat bildirib ki, müxalifət namizədlərinin əksəriyyəti imza vərəqələrini qanunla müəyyən olunmuş vaxt bitəndən bir saat, iki saat sonra DSK-lara gətiriblər və sonra da yalandan qeydə alınmadıqları barədə səs-küy salıblar.

“Halbuki, onlar heç imza toplaya bilməyiblər. Vətəndaş eşidəndə ki, bunlar kimdir, nəçidir, onları dəstəkləmir, imza vermir. Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, deputatlığa namizəd olaraq irəli sürülüblər. Hətta bəzi DSK-lar uzun müddət bu namizədləri axtardı ki, niyə gəlib imza vərəqələri götürmürlər. Bu cür faktlar mövcuddur. Belə halları ört-basdır etmək üçün imzatoplama kampaniyasında guya neqativ halların baş verməsi, onlara qarşı təzyiqlərin olması ilə bağlı yalan informasiyalar yayıblar. Əslində isə bütün araşdırmalar aparılıb və məlum olub ki, onların dedikləri yalandır. Elan etmişik ki, biz hər bir dairədə YAP-ın namizədinə qarşı alternativin olmasını arzulayırıq. Amma müxalifətin namizədlərinin siyahısına diqqət yetirin”-deyə istehzala danışan millət vəkili vurğulayıb ki,  müxalifətdən fərqli olaraq YAP-ın siyahısında yer alan şəxslərin 48 nəfəri Milli Məclisin deputatlarıdır, 5 akademik, 20 nəfərdən artıq professor, 30-a yaxın elmlər namizədi, 10 universitet rektoru var.

"İstər beynəlxalq təşkilatların nümayəndələri, istərsə də Azərbaycan vətəndaşları onların namizədləri ilə bizim namizədlərimiz arasındakı fərqləri aydın şəkildə görürlər. Seçici də seçimində təbii ki, ziyalını, onun hüququnu qoruya bilən şəxsi dəstəkləyəcək. Bizim namizədlərin məhz bu kateqoriyaya daxil olan insanlardır. Müxalifətin namizədləri isə əlindən heç bir iş gəlməyən insanlardır. Ona görə də, insanlar onlara imza verməkdən imtina ediblər”-deyə S.Novruzov bildirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu