Modern.az

İqtidar və müxalifət “ekzit-poll”a ciddi yanaşmır

İqtidar və müxalifət “ekzit-poll”a ciddi yanaşmır

19 Oktyabr 2010, 16:44


Azərbaycanda növbəti  parlament seçkilərinə lap az qalıb. 2005-ci ildən fərqli olaraq bu dəfəki seçkilərdə heç bir xarici təşkilat “ekzit-poll” keçirməyəcək. Yalnız yerli bir QHT - “ELS” Araşdırmalar Mərkəzi “ekzit-poll” keçirəcək təşkilat kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Amma elə indidən həm iqtidar, həm də müxalifət cəbhəsindən olan namizədlər yerli QHT-nin keçirəcəyi “ekzit-poll”a inamsız yanaşdıqlarını deyirlər.

Müxalifətdə hesab edirlər ki, Azərbaycandakı seçki mühitində heç bir “ekzit-poll”un nəticləri məna daşımır. Onlar bunu ötən parlament seçkilərindən yadda qalan “ekzit-poll” təcrübəsindən gördüklərini deyirlər. Və bildirirlər ki, yerli qurum bir yana, xaricdən gələn təşkilatlaın şəffaf “ekzit-poll” sorğusu keçirməsi hakimiyyətin marağında deyil.

Hakimiyyəti təmsil edən deputatlığa namizədlər isə deyirlər ki, seçkilər qanun çərçivəsində keçirildiyindən “ekzit-poll”ara ehtiyac da yoxdur.

 «Ekzit-poll» bu gün bütün dünyada geniş tətbiq olunur, yəni seçki günü seçki məntəqəsinin çıxışında səs vermiş seçicinin rəy sorğusu aparılır, onun hansı namizədə səs verdiyi öyrənilir. Bu yolla seçki komissiyasının seçkinin nəticələrini rəsmən elan etməsindən öncə ilkin nəticələri əldə etmək imkanı yaranır. Qeyd etmək lazımdır ki, yalnız elmi metodologiyaya uyğun keçirilən «ekzit-poll»un nəticələri seçkilərin nəticələrini düzgün qiymətləndirməyə imkan verir.

Azərbaycanda beynəlxalq təşkilatların iştirakı ilə ilk və son «ekzit-poll» sorğusu 2005-ci ilin noyabrında keçirilən parlament seçkilərində təşkil olundu. 2005-ci ildə beynəlxalq müşahidəçilər iddia edirdilər ki, «ekzit-poll» sorğusu tədricən Azərbaycanda da seçkiləri müşayiət edən, seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitəyə çeviriləcək. Amma həmin ilin parlament seçkilərində tətbiq olunan “ekzit-poll”un nəticələri elan ediləndən sonra seçki məntəqələrinin çıxışında həyata keçirilən bu təkrar sorğuya münasibət dəyişdi. Həm iqtidar, həm də müxalifət nəticələri normal qarşılanmadı.

Xatırladaq ki, 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkiləri zamanı bir neçə təşkilat «ekzit-poll» keçirmişdi. Onlardan etibarlısı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi «PA Consulting Group» şirkəti idi ki, onun da Azərbaycanda yerli tərəfdaşları «Sorğu» Tədqiqatlar Mərkəzi və Sosial Tədqiqat üzrə Beynəlxalq Mərkəz idi.

2005-ci ildə «PA Consulting Group»un keçirdiyi «ekzit-poll»un nəticələri ABŞ hökuməti, ATƏT, Avropa Şurası tərəfindən də qəbul olunurdu və buna görə də əsas diqqət bu qurumun təşkil etdiyi sorğuya yönəlmişdi. Bunu nəzərə alan Azərbaycan müxalifəti də o zaman («Azadlıq» bloku) əvvəlcədən bəyan etmişdi ki, yalnız «PA Consulting Group»un keçirdiyi «ekzit-poll»un nəticələrini tanıyacaq. Amma «PA Consulting Group» «ekzit-poll»un nəticələrini elan edəndə məlum oldu ki, göstəricilər MSK-nın nəticələri lə 80 faiz üst-üstə düşür. Belə nəticə isə müxaifəti razı salmadı.

Ötən parlament seçkiləri zamanı ABŞ-ın digər qeyri-hökumət təşkilatı olan «Mitofski İnterneşnl» də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ilə birgə «ekzit-poll» keçirmişdi, lakin onların elan etdiyi nəticələr ciddi qəbul olunmadı. Hətta «Azadlıq» bloku «Mitovski İnterneşnl» qrupunun keçirdiyi «ekzit-poll»un hakimiyyətin sifarişi ilə təşkili barədə bəyanatla çıxış etmişdi. 2005-ci il seçkilərində Estoniyanın «Saar-poll», Azərbaycanın  «İnamlı Səs» QHT-lər Birliyi, «Proqnoz» təşkilatının keçirdiyi «ekzit-poll»un nəticələrinə də onların özlərindən başqa heç kim əhəmiyyət vermədi.

Görünən odur ki, Azərbaycanda “ekzit-poll” təcrübəsi özünü doğrultmadı... Yəqin xarici təşkilatların nümayəndələri də bunu yaxşı dərk edirlər və builki seçkilərdə nəticəsi qeyri-ciddi qəbul olanacaq belə bir sorğu keçirməklə özlərini əziyyətə salmaq istəməyiblər.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu