Modern.az

Dövlət Statistika Komitəsi: “Düyü, un, mal əti, yağ, soğan, kartof bahalaşıb”

Dövlət Statistika Komitəsi: “Düyü, un, mal əti, yağ, soğan, kartof bahalaşıb”

21 Oktyabr 2010, 17:01

2010-cu ilin sentyabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri avqust ayı ilə müqayisədə 0,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9 faiz ucuzlaşıb.

Ötən ay ərzaq məhsullarından düyünün, buğda ununun, çörək məhsullarının, makaron məmulatlarının, mal ətinin, qatığın, brınza pendirinin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, portağal və naringinin, bananın, xiyarın, pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşıb.

Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Məsələn, təzə balığın, almanın, narın, üzümün, şabalıdın, kələmin, göyərtinin qiymətləri ucuzlaşıb.

Payız mövsümünün gəlişi ay ərzində qeyri-ərzaq mallarından geyim və ayaqqabı qrupu mallarının qiymətlərinin bahalaşmasına səbəb olub.

Bundan əlavə ay ərzində tikinti materiallarının, mebel və ev əşyalarının, müalicə ləvazimatları və cihazlarının, minik avtomobillərinin qiymətlərində də bahalaşma müşahidə olunub.
Bahalaşma ilə yanaşı sentyabr ayında pambıq və yarımyun parçanın, kişi üçün şalvarların, qısaqol köynəklərin, qadın üçün yay yubkasının, yay şalvarının, qısaqol köynəklərin qiymətləri ucuzlaşıb.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişindaşıma tariflərində ucuzlaşma müşahidə olunmuşdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu