1.10.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 97,6 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 98,8 faizinın ödənişi plastik kartlarla həyata keçirilir. Belə ki, bu ilin 9 ayının göstəricilərinə əsasən pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 625 nəfər təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, bu ilin 9 ayı ərzində kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Cari ilin yanvar-oktyabr ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 7803 nəfər artıb.
“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır və yuxarıda qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və pos-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində addımlar atılır”.
Modern.az