Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi iclas keçirilib.
Komissiyadan Modern.az-a verilən məlumata görə, iclasda TQDK-nın sədri Məleykə Abbaszadə keçən tədris ilində keçirilmiş qabiliyyət imtahanlarının yekunları barədə statistik məlumatları və növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarına hazırlıqla bağlı Komissiya tərəfindən geniş miqyaslı işlərin aparıldığını nəzərə çatdırıb. Sədr cari ildə keçirilmiş imtahan prosesinə cəlb olunmuş ekspertlərin, ayrı-ayrı mütəxəssislərin, müşahidəçilərin hesabatlarının, rəy və təkliflərinin təhlil edildiyini, ənənəvi elmi-statistik araşdırmalar aparıldığını qeyd edib.
Seminarda Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Koservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri çıxış edədərk keçən ilin yekunları və öz təklifləri barədə məlumat veriblər.
Eyni zamanda TQDK-nın Naxçıvan və Gəncə regional bölmələri ilə canlı bağlantı yaradılaraq istiqamətlər üzrə Naxçıvan Dövlət Universitetindən və Gəncə Dövlət Universitetindən dəvət edilmiş ekspertlərinin rəy və təklifləri dinlənilib..
TQDK sədri 2011/2012-ci tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq prosesinin başlanması məqsədilə istiqamətlər üzrə elmi-metodiki seminarların davamlı olaraq təşkil olunacağını və bu seminarlarda qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabça-vəsaitlərin dekabr ayına qədər nəşr ediləcəyini bildirib.
Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası və onlara hansı ali təhsil müəssisəsində qəbul aparılması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunacaq.
TQDK-nın YÖMİŞ-nin müdiri T.Bədəlov bəzi problemlərə toxunaraq onların növbəti seminarlarda geniş müzakirə ediləcəyini qeyd edib.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə növbəti seminarı 02.11.2010-cu il tarixində keçiriləcək.
Modern.az