Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə əmr imzalayıb.
Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirin əmrində bildirilib ki, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçiriləcək.
Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral – 17 aprel tarixlərində keçiriləcək.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək:
- Bakı şəhərində 13 fevral 2011-ci il tarixində;
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində;
- peşə liseylərində 27 fevral 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.
Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçiriləcək:
- Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində;
- Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində;
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində;
- Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində;
- Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində;
- Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində;
- Bakı şəhərində 17 iyun 2011-ci il tarixində;
- peşə liseylərində 24 aprel 2011-ci il tarixində;
Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin.
Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin.
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində keçiriləcək.
Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılıb.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər aparılacaq.
Modern.az