Modern.az

Bakıda qurbanlıq qoyunlara sağlamlıq haqqında “forma 1” veriləcək: ona inanaqmı?

Bakıda qurbanlıq qoyunlara sağlamlıq haqqında “forma 1” veriləcək: ona inanaqmı?

27 Oktyabr 2010, 13:16

Eyyub Hüseynov: “Əlimizdə xəstə heyvanların Bakıya daşınması ilə məşğul olan cinayətkar qrupların siyahısı var”


Qurban bayramı İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Hər il Qurban bayramı ərəfəsində Bakı şəhərinə rayonlardan satılmaq üçün xeyli sayda xırdabuynuzlu heyvan gətirilir. Bu il bayram noyabrın 16-17-nə təsadüf edire. Bir neçə gündən sonra şəhərə qurbanlıq heyvanların gətirilməsi müşahidə olunacaq. Bakının müxtəlif yerlərində satılan bu qoyunların sağlamlığı vacib məsələlərdən biridir. Bəs görəsən Qurban bayramı ərəfəsində Bakı şəhərinə gətirilən heyvanlar Bakı Şəhər Baytarlıq Xidməti İdarəsi tərəfindən yoxlanılacaqmı?

Modern.az Bakı Şəhər Baytarlıq Xidməti İdarəsinin (BŞBXİ) rəis muavini Murtuzəli Murtuzovla əlaqə saxlayıb.  M.Murtuzov bildirib ki, həmişə olduğu kimi bu ildə rayonlarda fəaliyyət göstərən Baytarlıq Xidməti İdarəsi Bakı şəhərinə göndəriləcək heyvanları təlimata müvafiq olaraq yoxlayacaq. M. Murtuzovun sözlərinə görə, Bakı şəhərinə satmaq üçün gətirilən heyvanlara yerli baytarlıq xidməti tərəfindən sağlamlığı təsdiq edən “forma 1” sənədi verilir.

BŞBXİ-nin həkim qrupu Bakı şəhərinə gətirilən heyvanları yoxlaqıqdan sonra onların satışına icazə verəcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyilənlərə razı deyil. Onun sözlərinə görə, Qurban bayramı ərəfəsində şəhərə gətirilən heyvanların 90 faizi heç bir baytar yoxlamasından keçmir.

”Heyvanların 50 faizi saxta sənədlərlə, heç bir yoxlama olmadan şəhərə gətirilir. Əslində kəsilməmişdən 1 ay əvvəl heyvan peyvənd olunmalıdır. Kəsilməmişdən bir gün əvvəl baytarlıq xidməti tərəfindən ekspertizalar götürülməlidi, baytarlıq dərmanlarının qalıqları müəyyən olunmalıdır və heyvan kəsiləndən sonra onun qara ciyərindən, qanından analizlər götürülməli, yoxlanılmalıdır. Ondan sonra ət satışa getməlidi. Son illər nəinki yol kənarlarında, hətta bazarlara gedib görürsən ki, 100-lərlə heyvanın üzərində güya ekpertizadan keçməsi barədə baytarların möhürləri var. Bunların hamısı yalançı möhürlərdir”.

E. Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşları xəstəliyə tutlmadıqlarına görə Azərbaycan mətbəxtinə minnətdar olmalıdılar.  Əgər bizdə də Avropadakı kimi çiy ət yeyilsəydi,  milyonlarla Azərbaycan vətəndaşı heyvan xəstəliyindən qırılardı...

Bu sahədə dövlət orqanlarının normal iş apara bilmədiyini deyən E. Hüseynov qeyd edib ki, hazırda Azad İstehlakçılar Birliyi bir çox rayonlarda bununla bağlı müəyyən tədqiqatlar aparır. “Demək olar ki, hər bir rayonda heyvan alveri ilə məşğul olan cinayətkar qrup var. Onlar ölmüş, xəstə heyvan cəsədlərini Bakıya gətirərək müxtəlif obyektlərə satırlar. Bizdə bunların bir neçəsinin artıq siyahısı var. Hətta Bərdə şəhərində fəaliyyət göstərən bu qrupun rəhbərlərindən biri o qədər varlanıb ki, şəhərin mərkəzində böyük bir park saldırıb”-deyə E.Hüseynov bildirib.

Onun sözlərinə görə, pərakəndə şəkildə yol qırağında heyvan alveri ilə məşğul olan satıcıların hər birinin arxasında bir məmur dayanır.
Dövlətin istehlakçıların  hüquqularını qoruyan, bu siyasəti həyata keçirən vahid siyasətinin olmadığını deyən AİB sədri bununla bağlı qanunvericilik bazasında bir boşluq mövcüd olduğunu deyib.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu