Bu gecə İstanbul Atatürk hava limanından havaya qalxan Azərbaycan Hava Yollarına məxsus təyyarənin salonuna tüstü dolması uçağın ekipajını təcili yerə enmək məcburiyyətində qoyub. Modern.az saytının türk mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarənin salonuna tüstünün dolması sərnişinlər arasında caxnaşmaya səbəb olub. Nəticədə təyyarə havaya qalxdıqdan 15 dəqiqə sonra pilotlar yerə eniş etməyə məcbur olublar.
Tüstünün “Boeing 757” tipli təyyarənin mətbəxindəki qızdırıcılardan cıxıdığı güman edilir. Verilən məlumatda bildirlir ki, təyyarədə 221 sərnişin olub.
Bakı vaxtı ilə gecə saat 03.30-da havaya qalxan təyyarənin kapitanı hadisə yaşanan anda Atatürk Hava lımanı ilə əlaqə yaradıb. Təcili eniş tələb edən kapitan təyyarəni təkrar geriyə - Atatürk Hava lımanına çevirib. Bu vaxt təcili yardım və xilasetmə xidməti də hava limanında hazır vəziyyətə gətirilib.
Təyyarə Atatürk Hava lımanına enəndən sonra texniklər onu müayinə ediblər. Texniki qruplar təyyarənin gecə boyunca içini və xaricini nəzərdən keçirib. Texniki qruplar araşdırma sonrası təyyarənin ucula biləcək vəziyyətdə olduğuna qərar verincə sərnişinlər arasında yenidən çaxnaşma yaranıb.
Belə ki, sərnişinlərin yarısı uçmaq istəməyib. Xüsusilə qadın yolçular başqa bir təyyarə tələb ediblər. Nəticədə Azərbaycan Hava Yolları vəzifəliləriylə sərnişinlər arasında bir neçə saat mübahisə davam edib.
Mübahisələrdən sonra bir qrup sərnişin uçbaq istəmədiklərini bəyan edərək təyyarəni tərk ediblər.
Təyyarədə olan Azərbaycan vətəndaşı Xaliq Məryəmoğlu türk mətbuatına “Boeing 757” ilə uçmaq istəməməsini belə izah edib:
"Təyyarə havaya qalxdıqdan 15 dəqiqə sonra yaranan hadisəylə bağlı bizə açıqlama vermək istəmədilər. Ancaq tüstü salona dolandan sonra çaxnaşma yarandı, qadınlar stress keçirdilər. Təyyarənin mətbəx hissəsindən gəldi tüstü".
Adəçəkilən sərnişin təyyarədəkilərin çox qorxduğunu ifadə edərək "mən sabahki təyyarəni gözləyəcəm. Bu təyyarəylə uçmaram. Yanımda qadınlar var, onlara kömək oluruq. Onlar da təyyarəyə minmək istəmirlər" deyib.
Digər sərnişin - Bakı Dövlət Universiteti müəllimi Pərvanə Məmmədova deyib ki, o da çox stress keçirib: “Havaya qalxandan az sonar texniki səbəblərdən geri dönəcəyimizi söylədilər. Biz qorxuruq. Təyyarədə alov görmədik, yalnız tüstü idi. Huşunu itirənlər oldu".
Modern.az