Modern.az

Türk dünyasında yeni münasibətlər nümunə olmalıdır

Türk dünyasında yeni münasibətlər nümunə olmalıdır

15 Oktyabr 2022, 19:58

“Azərbaycanla Qırğızıstan arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, səfər zamanı aparılan müzakirələr və imzalanan sənədlər münasibətlərimizin gələcək inkişafının yeni mərhələsini təşkil edir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən Qırğızıstan Prezidenti isə iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Cənab Prezidentin Bişkekə səfəri çərçivəsində Birinci Dövlətlərarası Şuranın geniş və məhdud tərkibdə görüşləri keçirilib. Hökumətlərarası komissiyanın iclası bir qədər bundan əvvəl Bakıda baş tutub, növbəti iclas isə gələn il Bişkekdə keçiriləcək. Bütün bunlar iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə daha münbit zəmin formalaşdırır. Səfər çərçivəsində həmçinin çoxsaylı sənədlər, o cümlədən Bakı ilə Bişkek şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb, eləcə də dövlət başçıları bir sıra açılışlara, mədəni proqramlara qatılıblar. Bişkekdə dövlət başçılarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının, dostluq parkının açılışının keçirilməsi tərəflərin mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verdiklərini təsdiqləyir.

 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

 

“Bu gün dünyada baş verən dərin proseslər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Hazırkı şəraitdə Mərkəzi Asiyanın türk dövlətləri də türk dünyasının inteqrasiyası prosesində daha fəal olmalı, türk birliyinin daha da güclənməsinə öz töhfələrini verməlidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, aparılan göüşlər və verilən qərarlar bu hədəfə çatmağımızda mühüm rol oynayacaq”-deyə, Fatma Yıldırım vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?