Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kiyev şəhərinə səfər ediblər.
Modern.az xəbər verir ki, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko özünün "Facebook" səhifəsində azərbaycanlı deputatların səfəri ilə bağlı paylaşım edib.
Kreydenko qeyd edib ki, səfər onun təşəbbüsü və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun dəvəti ilə baş tutub.
Paylaşımda bildirilir ki, azərbaycanlı deputatlar Buçada olublar. "Həmrəylik səfərinə görə Ukraynanın azərbaycanlı dostlarına və görüşə görə Buça şəhərinin meri Anatoli Fedoruka təşəkkür edirik", - Kreydenko qeyd edib.
Xatırladaq ki, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərləri başlayıb. Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Səfər aprelin 21-də başa çatacaq.