Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün keçirilən iclasında sərt tənqid olunub.
Modern.az xəbər verir ki, parlamentin sədr müavini Fəzail İbrahimli çıxışı zamanı deputat həmkarına etirazını bildirib.
“Bu gün təəssüf ki, öz parlamentimizin daxilində Azərbaycan dövlətçiliyinə zidd olan düşüncələri müzakirə edirik. Burada Aydın bəy fikir söylədi ki, Vahid Əhmədov tələyə düşüb. Qətiyyən bununla razı deyiləm. Vahid müəllim tələyə düşən oğlan deyil. Vahid müəllim nə edirsə, bilərəkdən edir, nə danışırsa, düşünür, danışır. Bu, təsadüfi hadisə deyil. Adətən, dövlətin, millətin çətin günlərində ağsaqqallara böyük ehtiyac duyulur. Bu çətin məqamlarda onların sözünə, nəfəsinə böyük ehtiyacımız var, çox təəssüf ki, geniş həyat təcrübəsi, bütün hökumətlərdə üzdə olan Vahid müəllim bu gün özünü müzakirə obyektinə çevirib. Adama deyərlər, qardaş, bəyənmirsən, oturma da, qəbul etmirsənsə, vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə qoy mandatını, çıx get”, - deyə Fəzail İbrahimli bildirib.
Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edib. O, isə həmkarının Türkiyə ilə bağlı çıxışını təndiq edib: “Vahid müəllim müsahibəsində deyir ki, Azərbaycanda hamının gözü var, hətta Türkiyənin də gözü var. Türkiyənin ölkəmizdə nə gözü var? Bu, qardaşdır! Qardaş, dost, müttəfiq haqqında belə söz demək olarmı, Vahid müəllim? Vallah yaramaz! Siz dəfələrlə deyirsiniz ki, “Mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır, Mehman Hüseynovun, AXCP-nin, Müsavatın, İranın, Rusiyanın yox”.
Deputat Kamran Bayramov da həmkarının çıxışını düzgün hesab etmədiyini vurğulayıb.
“Mən bir neçə gün öncə həmkarımız Vahid Əhmədovun Milli Məclisin deputatları, ölkəmizin seçki sistemi və digər məsələlərə dair xoşagəlməz və qəbuledilməz ifadələri ilə bağlı danışmaq istərdim. Qeyd edim ki, bu ifadələr məndə olduqca böyük hiddət doğurdu. Bununla yanaşı, uzun müddət Milli Məclisin deputatı, bundan əvvəl yüksək vəzifələrdə çalışmış, kifayət qədər zəngin siyasi təcrübəyə malik olan həmkarımın bu cür fikirlərinin dövlətə və dövlətçiliyə qarşı qərəzli mövqeyi ilə seçilən birinin beşinci dərəcəli media resursunda səsləndirməsini təəccüb və təəssüflə qarşıladım və Vahid müəllimə heç yaraşdırmadım. Vahid müəllimin verdiyi açıqlamaya görə aramızda xalq tərəfindən seçilmiş və millətin vəkilliyini edən cəmi bir neçə deputat var. Belə çıxır ki, yerdə qalan deputatların seçkidə qazandıqları mandatlar legitim deyil.
Hesab edirəm ki, bu cür ifadələr çoxsaylı seçkilər keçirmiş, xalqın iradəsini təmin etmiş, digər dövlətlər üçün nümunə olan seçki sistemimizə kölgə salır və cəmiyyətimizdə çaşqınlıq yaradır. O ki qaldı millətin vəkilliyinə, cavab almaq üçün mətbuata və sosial şəbəkələrə nəzər salmaq yetər. Deputatlarımızın mütləq əksəriyyəti seçiciləri ilə görüşür, problemlərini öyrənir, elə bu zalda keçirilən, demək olar ki, hər iclasda həmin problemləri qaldırırlar, seçiciləri üçün çalışırlar. Yəni, bunu təkcə Vahid müəllim və adlarını çəkdiyi həmkarlar deyil, bütün deputatlar edir. Vahid müəllimin diqqətinə çatdırmaq istərdim ki, ölkəmizdə keçirilən istənilən seçkilərdə, o cümlədən özünün iştirak etdiyi və dəfələrlə deputat seçildiyi parlament seçkilərində də bütün siyasi qüvvələr üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi şərait yaradılır, siyasi mənsubiyyətindən asılı olmayaraq söz, mətbuat və sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir. Əgər Vahid müəllimin bu azadlıqların pozulması ilə bağlı hər hansı faktları varsa, buyursun təqdim etsin. Yoxdursa, onda onun seçki sistemi ilə bağlı tənqidini və digər ölkələrlə müqayisə etməsini yersiz və yanlış hesab edirəm. Kədərli bir məqam odur ki, həmkarım Vahid Əhmədov səsləndirdiyi fikirlərlə Milli Məclisin, onun deputatlarının işgüzar nüfuzuna xələl gətirmiş oldu, etik qaydaları pozmaqla həmkar saydığı insanlar arasında açıqcasına ayrı-seçkiliyə yol vermiş oldu, bir çoxlarının peşə keyfiyyətlərini şübhə altına almış oldu”.
Qeyd edək ki, bu gün Milli Məclisdə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib. Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı tapşırıq verib.
“Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”,- deyə sədr bildirib.
Deputatlar sədrin tapşırığını dəstəkləyib.