“Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolonnanın Cənubi Qafqaza səfəri zamanı səslədirdiyi fikirlər bu ölkənin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazır olmadığını bir daha göstərdi”.
Bunu Fransa XİN başçısının Cənubi Qafqaza səfərini Modern.az-a şərh edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputatın sözlərinə görə, Fransa faktiki olaraq daha çox tərəflər arasında gərginlik yaratmaq xətti tutur ki, bu da ümumilikdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olur:
“İkinci Qarabağ müharibəsindən sonra Fransa beynəlxalq hüquqa istinad etməyən, əksinə ölkələrin suverenleyinə müdaxilə mahiyyəti daşıyan bəyanatlarla çıxış edib. Fransa parlamentinin hər iki palatasında Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul olunub. Azərbaycan parlamenti də bu sənədlərlə bağlı öz mövqeyini kifayət qədər adekvat şəkildə ortaya qoyub. Bu gün Azərbaycan ictimaiyyətində Fransaya dərin etimadsızlıq mövcuddur. Azərbaycan Fransanın Cənubi Qafqazdakı proseslərlə bağlı ədalətli vasitəçi olacağına inanmır. Bu inamsızlığı yaradan isə Fransa hökumətinin və parlamentinin atdığı qərəzli, ədalətsiz, qeyri-obyektiv addımlardır. Çox təəssüf ki, bu addımlar münasibətlərdə bərpası son dərəcə çətin görünən çatlar yaradıb”.
Soltan Məmmədov qeyd edib ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın erməni XİN başçısı ilə birgə mətbuat konfransında Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddialar səsləndirməsi gözlənilməz olmayıb.
“Çünki Fransa 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistanı qınayan bəyanatlarla çıxış etməyib. 44 günlük müharibə dövründə və müharibədən sonra isə tamamilə Ermənistanı müdafiə edən siyasət yürüdür. Əlbəttə ki, hər bir ölkənin öz tərəfdaşlarını, müttəfiqlərini seçmək, öz xarici siyasətini müəyyənləşdirmək hüququ var. Lakin heç bir halda bu, beynəlxalq hüquqa etinasızlıq, başqa ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliyə bəraət qazandıra bilməz. Fransa bu gün Avropanın aparıcı dövlətlərindən biri kimi beynəlxalq təhlükəsizliyə məsuliyyət daşıyan ölkələrdən biridir. Biz görürük ki, indiki hökumət prosesləri tamamilə fərqli prizmadan qiymətləndirir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın ikili standartardan çıxış etməsi yalnız təəssüf doğurur. Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə qoruyan güclü bir dövlətdir və suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi qurmasına heç kim mane ola bilməz. Fransa regionda yaranmış yeni reallıqları düzgün qiymətləndirməlidir”,- deyə parlamentari bildirib.
Qeyd edək ki, Fransa XİN başçısı aprelin 26-28-də Cənubi Qafqazda səfərdə olub. O, səfər zamanı Azərbaycanıa bağlı qərəzli fikirlər səsləndirib.