“Son günlər İran tərəfinin ölkəmizə qarşı siyasətində müsbət dəyişikliklər hiss olunur. Əvvəlki dövrlərdəki sərt bəyanat və ittihamlar azalıb. Onu da qeyd edim ki, hazırkı dönəmdə bu addımların atılması çox önəmlidir. İnsanlarımız bilməlidir ki, nə İran bu bölgədən gedəndir, nə də Azərbaycan. Biz mütləq normal qonşuluq münasibətləri qurmalıyıq”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov səsləndirib.
“Bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə "Kərimə dövləti" qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır. Onları əksəriyyət tanıyır. Bu da məlumdur ki, İranda oturub ölkəmizə qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil. Onlarla belə şəxslər İranda bu cür fəaliyyətləri zaman-zaman davam etdirirlər. Bu əksər hallarda daha çox münasibətlər gərginləşəndə özünü büruzə verir. Düşünürəm ki, münasibətlərin daha da normallşadırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir. Bu edilmədiyi və onlar azad olunduğu təqdirdə həmin şəxslər ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə və pozulmasına yönəlmiş fəaliyyətləri, "Kərimə dövləti" ilə bağlı çağırışları davam etdirəcəklər”.