Modern.az

Qarabağda anti-terror əməliyyatları labüdləşir

Qarabağ

11 İyul 2023, 12:57

Azərbaycan öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrinın qalması ilə barışa bilməz

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların qurulması, onların reinteqrasiyası istiqmətində atdığı xoşməramlı addımlara hələ də təəsüff ki, adekvat, arzuolunan reaksiya yoxdur. Rəsmi Bakı dəfələrə dialoqa hazır olduğunu bəyan etsə də və bununla kifayətlənməyərək əməli addımlar atsa da, prosesi irəli daşımaq mümkün olmayıb.

Hamının yaxşı xatirindədir ki, bu ilin mart ayında Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində ilk görüş keçirmişdi. Bu, Azərbaycanın öz vətəndaşları ilə ölkə Konstitusiyası və qanunları çərçivəsində dialoqa tam açıq olmasının real ifadəsi idi. Rəsmi Bakı üçüncü tərəfin, xüsuslilə Rusiyanın vasitəçiliyi və iştirakına ehtiyac görmədiyini ortaya qoyaraq təmaslara başladı. Mesaj tam açıq idi: Azərbaycan öz vətəndaşları ilə Rusiya hərbçilərinin iştirakı və Rusiya bayrağı altında danışmaq niyyətində deyil və onlarla birbaşa danışıqları məqbul sayır. Təsadüfi deyil ki, ilk təmasın ardınca Prezident Administrasiyası səviyyəsində müəyyən zaman aralığı ilə iki bəyanat yayımlandı. Həmin bəyanatlarda Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə görüşün Bakıda keçirilməsi təklif olunsa da, qarşı tərəf bunu qəbul etmədi və proses birtərəfli qaydada durduruldu. Hazırda bu istiqamətdə hər hansı irəliləyişin olmaması isə uzun müddət davam edə bilməz.

Ölkəmizin davamlı sülhə xidmət edən, öz ərazisində yaşayan sakinlərlə təmasların qurulması yönündəki qətiyyətli duruşunun zamanında qiymətləndirilməməsi digər addımların atılmasını gec-tez zəruri edəcək.



Söhbət ondan gedir ki, Azərbaycan real, səmimi danışıqların tərəfdarı olsa da, Ermənistan tam əksini nümayiş etdirir. İrəliləyişin razılşamanın əldə oluna biləcəyi danışıqlar üçün rəsmi Bakının tələbləri tam aydındır və bu sırada Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazini tərk etməsi öndə dayanır. Bu, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda da öz əksini tapıb. Bəyanatın imzalanmasından ötən dövr ərzində bütün bunalara nəinki əməl edilməyib, üstəlik Ermənistan Qarabağdakı qanunsuz rejimi və buradakı silahlı dəstələrin maliyyələşdirilməsini davam etdirib. Son təxribatlar da bu deyilənlərin daha bir əyani sübutu oldu.Təxribatlara cavab olaraq Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisinin məhv edilməsi bir daha o faktı isbatladı ki, Ermənistan ordusunun qalıqları hələ də bölgədən çıxarılmayıb və Azərbaycan öz mövqeyində tam haqlıdır. Erməni tərəfinin məhv edilən hərbiçilərin Ermənistan ordusunun hərbçisi olmadığını göstərmək üçün gətirdiyi bəhanələr, “sübutlar” isə doğrulanmadı.

Bu gün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü əməldə tanımaması, Paşinyanın ancaq sözdə bunu deməsi prosesi irəli aparmaq üçün yetərli deyil. Paşinyanın əməldə tam başqa cür addımlar atması Azərbaycanın digər tədbirləri həyata keçirmək üçün hərəkətə keçməsini zəruri edəcək.

Ermənistan və bu gün sülhə mane olan ölkələr ilk növbədə onu anlamalıdırlar ki, Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin və qanunsuz silahlı dəstələrinın qalması ilə barışa bilməz və barışmayacaq. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, imkanlarını bütün dünyaya nümayiş etdirib. Hazırda güclü, qat-qat üstün və haqlı mövqedə olan Azərbaycanın öz ərazisində Ermənistan hərbi qüvvələrinin, qanunsuz silahlı birləşmələrin mövcudluğuna uzun zaman səbr edəcəyi mümkün deyil. Azərbaycan öz ərazilərində anti-terror əməliyyatlarına başlamaq hüququna malikdir və bu baş versə, Azərbaycan bunu edəcək ilk ölkə olmayacaq. Nümunə olaraq elə Rusiyanı göstərmək mümkündür. Rusiya Çeçenistanda öz ərazisində qanunsuz silahlı birləşmələrə qarşı anti-terror əməliyyatı keçirməyibmi? Bu gün də ara-sıra bu cür əməliyyatlara müəlliflik etmirmi? Başqa nümunələr də var və ölkələr anti-terror əməliyyatlarını başqa ölkələrin ərazisində belə, keçirirlər.

Rusiya terrorla mübarizə adı ilə Suriyaya ordu yeritdi. Suveren Ukraynanın leqal silahlı qüvvələrinin “demilitarizasiya”sı adı ilə bu ölkəyə hərbi müdaxilə edən də Rusiyadır. Belə nümunələr yetərincədir. Məsələn, Ermənistanla sülhün yaranmasına hər vəchlə mane olan, erməni lobbisinin təsiri altında olan Fransa terrora qarşı mübarizə adı ilə Mali, Burkona Faso və digər ölkələrə hərbi dəstələr göndərir. ABŞ terrorla mübarizə adı ilə Əfqanıstana ordu yeridib və s.

Qarabağ bölgəsindəki silahlı dəstələrin və terrorçuların dinc sakinlərə qarşı cinayətlərdə əlinin olması, hazırda da müxtəlif formalarda təxribartlara əl atması Azərbaycanın daha sərt addımlar atmasını, anti-terror əməliyyatları keçirməsini labüdləşdirir. Bunu zəruri edən mühüm faktorlardan biri də Azərbaycanın bu gün azad olunmuş ərazilərə qaytardığı dinc sakinlərin təhlükəsizliyi məsələsidir. Qarabağdakı qanunsuz rejim və buradakı silahlı dəstələr həmin sakinlərin dinc yaşaması üçün ən böyük təhlükədir. Azərbaycan tarixi torpaqlarına dönən sakinlərinin təhlükəsizliyini təmin etməlidir və hər hansı təhdidi göz ardı etməyəcək. Güclü Azərbaycan ikinci dəfə dinc əhalinin silahlı terrorçuların hədəfinə çevrilməsinə imkan verməyəcək. Bu məsələni kökündən həll etməyin zamanı yetişməkdədir və qarşı tərəf də bunu anlayıb real danışıqlara başlamaq üçün addımlar atmalıdır. Əks halda başlanacaq proseslərin qarşısını almaq mümkün olamayacaq...

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir