Modern.az

Unudulan deputatlar: “Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA

Unudulan deputatlar: “Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA

Reportaj

23 Fevral 2022, 15:05

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır. 

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik. 

Haqqında danışacağımız növbəti sabiq deputat Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hazırkı sədri, görkəmli aktrisa Şəfiqə Məmmədovadır.

Yəqin ki, bəziləri kinoda çılğın xarakterlər canlandırmış Şəfiqə Məmmədovanın vaxtilə deputat olduğunu bilmir…

Amma o, Birinci çağırış Milli Məclisin (1995-2000) üzvü olub.

Şəfiqə Məmmədova parlamentə 1995-ci ilin noyabrında
30 saylı Yevlax seçki dairəsindən deputat seçilmişdi.

Şəfiqə xanım o zaman Milli Məclisdə təmsil olunan bitərəf deputatlar sırasına daxil idi.

Vaxtilə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olmuş sabiq deputat Milli Məclisin fəaliyyətini işıqlandırmış köhnə jurnalistlərin yadında bir o qədər aktiv parlamentar kimi qalmayıb.

Yəni Şəfiqə xanım parlamentdəki fəaliyyətindən daha çox sənət aləmindəki işlərinə görə tanınıb.

Amma parlament jurnalistləri deyirlər ki, keçmiş deputat Milli Məclisin üzvü olduğu zamanlarda indiki kimi mətbuatdan qaçmayıb, yeri gələndə KİV nümayəndələrinə açıqlamalar, hətta müsahiblər də verib.

Şəfiqə Məmmədova Milli Məclisin üzvü olarkən MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, Elm və Təhsil üzrə Komissiyasının sədr müavini postunu da tutub.

Qeyd edək ki, gələn ay Şəfiqə xanım 77 yaşını qeyd edəcək.


Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olub.

1962-ci ildə orta məktəbi bitirib. Elə həmin il Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitunun Musiqili teatr aktyoru fakültəsinə qəbul olunub. 1967-ci ildə institutu bitirib.
Həmin ildə Akademik Milli Dram Tetrında aktrisa kimi çalışmağa başlayıb.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun (keçmiş Teatr İnstitutu) Aktyor sənəti kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə həmin kafedra müdiri təyin edilib.

1986-cı ildə dosent, 1991-ci ildə isə professor elmi adına layiq görülüb.

Şəfiqə Məmmədova 1974-cü ildə “Əməkdar artist’’, 1982-i ildə isə “Xalq artisti” adına layiq görülüb. 1982-ci ildə isə SSRİ Dövlət Mükafatı laureatı olub.

Aktrisa sonralar “Humay”, “Qızıl çıraq” Milli kino mükafatı ilə də təltif olunub.

2000-ci ildə ölkə başçısının sərəncamı ilə “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordeni alıb.

2015-ci ildən Prezident təqaüdçüsü olan Ş.Məmmədova Heydər Əliyev mükafatı komissiyasının, eləcə də Elm, Texnika, Memarlıq, Mədəniyyət, Ədəbiyyat üzrə Dövlət mükafatları komissiyasının üzvüdür.

2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Şəfiqə Məmmədova 2000-ci ildən bü günə kimi Bakı Musiqi Akademiyyasının professorudur, o, Solo oxuma və opera hazırlığı kafedrasında dərs deyir.

Sabiq deputat 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) sədr seçilib. Bu gün də quruma rəhbərliyi davam etdirir.

Qeyd edək ki, bu qurum tanınmış kinosenarist, rejissor Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ təşkilat sayılır.

Mədəniyyət və incəsənət adamlarının təmsil olunduğu bu iki yaradıcılıq təşkilatının əsas fərqi birinin adında “respublika” sözünün yazılmasıdır.

Şəfiqə Məmmədova sabiq deputat kimi deyil, təkrarsız obrazlar yaradan aktrisa kimi Azərbaycanda məşhurlaşıb. O, adını teatr və kino tarixinə qızıl hərflərlə yazdıran sənətkarlardandır.

Aktrisanın Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar bu gün də yaşlı tamaşaçıların yaddaşındadır. O, Şeksprin “Hamlet” (Gertruda), Aleksandr Şirvanzadənin “Nakam qız” (Sona), L.Tolstoyun “Canlı meyit” (Maşa), H.Cavidin “Xəyyam” (Sevda), C.Məmmədquluzadənin “Dəli yığıncağı” (Pırpız Sona) pyeslərində təkrarsız obrazlar yaradıb.

Şəfiqə Məmmədovanın kino yaradıcılığı da maraqlı rollarla zəngin olub. O, "Qaraca Qız" (Pəricahan xanım), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə), “Xoşbəxtlik qayğıları” (Rüxsarə) və s. bədii filmlərdə maraqlı qadın obrazlarını ifa edib.


Azərbaycan tamaşaçısı Şəfiqə xanımın “Bizim Cəbiş müəllim" filmində yaratdığı obrazı xüsusilə çox sevir. Bəlkə də Şəfiqə Məmmədovanın yerinə başqa aktrisa tamaşaçıların yaddaşında “Cəbiş müəllimin arvadı” kimi yaşayan həmin obrazı onun qədər mükəmməl oynaya bilməzdi. Oynadığı epizodlarda daxili enerjisi ilə bütün səhnəni dolduran aktrisa  bu obrazı o qədər təbii və inandırıcı yaradıb ki, həmin epizodlara baxan tamaşaçı film izlədiyini unudur, özünü ağır müharibə illərində Bakıda yaşayan sakinlərdən biri kimi hiss edir.

Ş.Məmmədovaya SSRİ Dövlət Mükafatı 1981-ci ildə çəkdiyi “İstintaq” filmindəki müstəntiq Seyfinin arvadı obrazına görə verilib.

Kinoşünaslar deyirlər ki,  Şəfiqə Məmmədovanın yaratdığı hər bir obraz çox güclü psixoloji təsirə malikdir. Bu baxımdan, onun Azərbaycan kinosu və teatr səhnəsində özünəməxsusu yerinin olduğu vurğulanır.

Səhnədən erkən gedən Şəfiqə Məmmədova uzun illərdi ki, nə teatrda oynayır, nə də kinoda. Dəfələrlə ona təklif olunan rollardan imtina edib. Səbəbini aktrisa ona uyğun ssenarinin yazılmamasında görür:

Hazırda maraqlı, cəlbedici ssenarilər yazılmır. Düzdür, hər zaman diqqətdə olmuşam, rol təklifləri verilib, amma o rollar məni qane etməyib. Uzun illərdən sonra bəyənmədiyim, zəif hesab etdiyim ssenaridə çəkilmək istəməzdim. Amma həm də içimdə yaratdığım, canlandırdığım bir obraz var ki, onu ekrana gətirmək və demək istədiklərimi o obrazla tamaşaçıya çatdırmaq istərdim”.

Rejissor, Xalq artisti Əbdül Mahmudov onun tələbə yoldaşı olub. Ə.Mahmudov Modern.az-a keçmiş tələbə yoldaşı haqqında danışarkən deyib:

“Mən Şəfiqə xanımı tələbəlik illərindən -1962-ci ildən tanıyıram. O, çox emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında “dəli-dolu” bir xanım, ən sayılan, seçilən tələbələrindən biri idi.
Şəfiqə xanım istər kino, istərsə də teatr mədəniyyətimizn tarixində öyrənilməli böyük bir mərhələdir. Ürək ağrısıyla qeyd edirəm ki, o, çox vaxtsız teatrdan getdi və biz böyük teatr xadimimizi itirdik. 
Siz təsəvvür edin, görün Şəfiqə xanım tələbəlik illərində nə səviyyədə idi ki, Tofiq Kazımov kimi nəhəng bir şəxsiyyət onu Musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət etmişdi. 50 il teatr, kino sənətində olan bir adam kimi bu gün də hesab edirəm ki, Şəfiqə xanımın teatrda gördüyü işlər, yaratdığı obrazlar Azərbaycan teatr məktəbi üçün çox böyük bir örnəkdir”. 

Teatrşünas-tənqidçi, professor İlham Rəhimli:

“Təəssüflər olsun ki, elə günü bu gün də bütün varlığı ilə teatrı sevən Şəfiqə Məmmədova 37 yaşında səhnəni tərk etdi...

O, səhnədə də, kinoda da 13 il fəaliyyət göstərdi...
Çoxumuzun nəhs rəqəm kimi qəbul etdiyimiz 13 il Şəfiqə Məmmədova üçün çox düşərli olub.
Aktrisa bu 13 ildə kimlərinsə 30, 40, 50 ildə qazandığı şöhrətdən daha çox tamaşaçı rəğbəti, məhəbbəti, sevgisi, ehtiramı qazandı.
Qazanıb qüdrətli sənətkar zirvəsinə qalxdı.
Qüdrətli sənətkar zirvəsinə yüksəlib milli teatr tariximizdə özünün əbədi sənət salnaməsini yaratdı...”.


Bir vaxtlar deputat kreslosunda əyləşmiş Xalq artisti siyasətdən çoxdan uzaqlaşdığını deyir.

“Mən artıq o aləmdən uzağam. Ona görə də sonralar keçirilən seçkilərdə yenidən deputatlığa namizədliyimi irəli sürmək haqda düşünmədim”, - deyə Ş.Məmmədova mətbuata müsahibələrinin birində siyasi söhbətlərə qatılmaqdan imtina etmişdi.


Şəfiqə Məmmədova ailəsi haqda danışmağı sevmir, elə jurnalistlər də ona bu haqda sual verməyə ürək eləmirlər.

Qısaca olaraq qeyd edək ki, sabiq deputat iki dəfə ailə həyatı qurub. Şəfiqə Məmmədova birinci dəfə Azərbaycanın görkəmli teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Mehdi Məmmədovla birgə nikahından Ülvi adlı oğlu var. Ülvi Mehdi də valideynlərinin sənət ömrünü davam etdirir. Kinossenarist kimi fəaliyyət göstərir.

İkinci evlilikdən - hazırkı həyat yoldaşından isə Teymur adlı bir oğlu da var. Yeri gəlmişkən, Şəfiqə Məmmədovanın hazırkı həyat yoldaşı Rafiq Behbudov uzun müddətdir Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru vəzifəsində çalışır.


Rafiq Behbudov həm də Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür.

Şəfiqə Məmmədovanın qardaşı Məmməd Məmmədov da əvvəllər aktyor olub. “Azərbaycanfilm” Kinostudiyasının ekranlaşdırdığı bir neçə filmdə (“Asif, Vasif, Ağasif”, “Burulğan” və s.) rollar ifa edib.

Şəfiqə Məmmədovanın aktrisalıq bacarığına, istedadına bələd olan kino xadimləri deyirlər ki, əgər o, Azərbaycanda deyil, xarici ölkələrin birində filmlərə çəkilsəydi, çoxdan dünya şöhrətli sənətçi, “Oskar” mükafatı laureatı olardı...

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru olan professor Nazim İmanov vaxtilə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabçada Şəfiqə xanımla bağlı da bir əhvalat qələmə alınıb:


Nazim İmanov yazır:

“Çinə səfər vaxtı bir neçə deputat "tolkuçka”da bazarlığa gedir. Otelə döndükdən sonra Səyyad Aran Şəfiqə Məmmədovaya yaxınlaşıb deyir ki, bəs, qızına aldığı gödəkcə deyəsən, balaca olacaq. O da Səyyad müəllimi inandırır ki, sabah mütləq gedib dəyişdirmək lazımdır.   

- Şəfiqə xanım, elə şey olar? Səhər Li Penlə görüş var. “Vsyo-taki” Baş nazirdi, getməsəm yaxşı düşməz.   

- Heç sənnən gözdəməzdim, ay Səyyad! Gedəcəksən Bakıya, uşaq “kurtka”nı geyib görəcək əyninə balacadı, ağlaya-ağlaya qalacaq. O məsum qızcığazın göz yaşlarının yanında görüş-mörüş nədi ki?!   

İndi səhər görüşdür... Murtuz müəllim (spiker Murtuz Ələsgərov-red.) deputatları çinlilərə təqdim edir. Növbə Səyyad müəllimə çatanda Şəfiqə xanım  ayağa qalxır:

- Səyyad Aran üzürlüdü, bazara gedib.

Tərcüməçi hər sözü olduğu kimi tərcümə edir. Yazıq çinlilərin vəziyyətini təsəvvür edirsiniz də! Görüşdən dərhal sonra Murtuz müəllim qəzəbli halda Şəfiqə xanımı yanına çağırır:

- O nə sözdü deyirsən – "üzürlüdü”. Belə şey olar?! Abrımız-həyamız getdi. Utanmır Səyyad? Baş nazirinən görüşdən qaçıb bazara gedəllər? Tay mənim sözüm yoxdu. Qoy hələ qayıtsın, gör neyniyəcəm onu.

- Bilirsiz, Murtuz müəllim, qızına “kurtka” almışdı, balaca çıxdı. Yazıq gedəcəydi Bakıya, uşaq zoğum-zoğum ağlayacaqdı. Millətimizin balasıdı da. Mən o uşağın bircə göz yaşını Çinin otuz baş nazirinə dəyişmərəm.  Və... Və Şəfiqə Məmmədova sənətinin sehri ilə Murtuz müəllim yumşalır:

- Hə-ə, o başqa məsələ, elə bildim elə-belə baxmağa gedib, - Murtuz müəllim deyir. 


Ə.Qafarlı

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR
Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR
Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR
Unudulan deputatlar: Elçibəyi təhqir edən, Putindən mükafat alan NAZİR OĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü