Modern.az

Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim” - FOTOLAR

Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim” - FOTOLAR

Reportaj

4 Sentyabr 2025, 08:53

İtaliyanın baş naziri Giorgia Meloni son illərdə Avropa və dünya siyasətində diqqətçəkən fiqurlardan birinə çevrilib. Meloni ölkəsində "İtaliya Qardaşları" adlı sağçı-millətçi partiyanın lideridir. Onun rəhbərlik etdiyi partiya 2022-ci ildə keçirilən seçkilərdə qalib gələrək koalisiya hökuməti qurub və Giorgia  Meloni İtaliyanın ilk qadın baş naziri seçilib.

O, ənənəvi ailə dəyərlərini, milli suverenliyi və immiqrasiyaya qarşı sərt mövqeyi müdafiə edir. Meloni İtaliyanın Avropa İttifaqındakı nüfuzunu qorumağa çalışır, maliyyə dəstəkləri və fondlardan istifadə məsələsində praqmatik davranır.

G.Meloni qadın lider kimi tarixə düşsə də, feminizm mövzusunda mühafizəkar mövqedədir.

O, özünü "xristian, qadın, italyan, ana" kimi təqdim edir. Xanım Meloni Avropa İttifaqı ilə münasibətlərin daha bərabərhüquqlu olmasını, ailə dəyərlərinin qorunmasını, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını və İtaliyanın milli maraqlarının müdafiəsini ön planda saxlayır.

Lakin onun partiyasının kökləri faşist lider Benito Mussolininin ideologiyasına yaxın təşkilatlara dayanır ki, bu da xanım baş nazirin beynəlxalq aləmdə bəzən mübahisəli fiqur kimi qəbul edilməsinə səbəb olur.

Siyasi karyerası ilə yanaşı, Meloni şəxsi həyatı ilə də insanlara maraqlıdır.


Modern.az
 saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Giorgia Meloninin ata-anasından bəhs edir.

Giorgia Meloni 15 yanvar 1977-ci ildə Romada doğulub. Ailəsindəki çətinliklər və atasının onları tərk etməsi Girogianın həyatına dərin təsir göstərib. Erkən gənclik illərində siyasətlə maraqlanmağa başlayıb və 1990-cı illərdə İtaliyanın sağçı gənclər təşkilatlarında fəal rol oynayıb. 2006-cı ildə cəmi 29 yaşında olarkən parlamentə seçilib və İtaliya tarixində ən gənc deputatlardan biri kimi tanınıb.

Meloni "İtaliya Qardaşları" partiyasını 2012-ci ildə qurub. Bu partiya əvvəllər az tanınırdı, lakin Meloninin xarizmatik liderliyi və sərt anti-immiqrasiya, milli dəyərləri vurğulayan ritorikası ilə partiya qısa zamanda populyarlıq qazandı.

Giorgia Meloni çox enerjili, natiqlik qabiliyyəti güclü və tez-tez emosional çıxışları ilə tanınır. Onun ən məşhur şüarlarından biri "Tanrı, Vətən, Ailə"dir.

Giorgia Meloninin şəxsi həyatı onun siyasi karyerası qədər olmasa da, ictimaiyyətin diqqətini çəkən maraqlı detallarla zəngindir.

O, bir qız övladının anasıdır və ailəsini daim ön planda tutduğunu vurğulayır.

Giorgia Meloni rəsmi olaraq evli deyil, lakin o, uzun illər jurnalist Andrea Giambruno ilə münasibətdə olub. Onların bir qız övladı – Ginevra (2016-cı il təvəllüdlü) var. Andrea Giambruno "Mediaset" telekanalında aparıcı və jurnalist kimi çalışıb. Vaxtilə Meloni ilə siyasi baxışlarda bəzi fərqlilikləri olsa da, onların münasibətləri uzun müddət davam edib.


G.Meloni 2023-cü ilin oktyabr ayında Andrea Giambruno ilə münasibətinin bitdiyini sosial mediada açıqlamışdı. O bunu şəxsi həyatının "ən çətin qərarlarından biri" olduğunu yazmışdı. Onların ayrılmasına səbəb Andrea Giambrunonun digər qadınlar haqqındakı seksist şərhləri olmuşdu.

Giorgia Meloni özünü ciddi siyasi fiqur kimi tanıtsa da, əslində pop mədəniyyətə də maraq göstərir. O, fantastik ədəbiyyatı sevir və xüsusilə "Üzüklərin hökmdarı" trilogiyasına heyrandır. Baş nazirin öz çıxışlarında tez-tez bu seriyadan simvolik frazalara yer verməsi buna sübutdur.

İtalyanca ilə yanaşı, Giorgia Meloni ingilis dilini də yaxşı səviyyədə bilir. Bundan başqa, fransız və ispan dillərində də danışır. Beynəlxalq tədbirlərdə və xarici liderlərlə görüşlərdə dil baryeri olmadan sərbəst ünsiyyət qura bilir. Bu onun Avropa səviyyəsində daha çevik diplomatik fəaliyyət aparmasına kömək edir.

Xanım baş nazirin stil və geyimində sadəlik və əlçatanlıq önə çıxır.

G.Meloni italyan mətbəxinə çox bağlıdır. O, İtaliyanın qida ənənələrinin qorunmasını milli kimliyin bir hissəsi hesab edir. 2023-cü ildə UNESCO-nun "italyan mətbəxi"ni irs siyahısına daxil etməsi üçün kampaniya aparanlar arasında idi.

Atası Francesco Meloni ailəni Giorgia hələ 1 yaşında ikən tərk edib və Kanar adalarına köçüb. Atasının onları buraxaraq, başqa bir ölkədə yeni həyata başlaması Giorgia Meloninin xarakteri və dünyagörüşündə dərin iz buraxıb. Anası onu və böyük bacısı Araiannanı (1975-ci il təvəllüdlü) təkbaşına böyüdüb. Giorgia bu çətinliklərə baxmayaraq, güclü, müstəqil bir şəxsiyyət kimi formalaşıb.

1980-ci ildə 3 yaşlı Giorgia və bacısı təsadüfən evlərini yandırıblar, hadisədən sonra onları anaları ilə birlikdə yaşamaq üçün Romanın yüksək səviyyəli bölgəsindən fəhlə sinfi Garbatella məhəlləsinə köçməyə məcbur ediblər.

Bu xəbər ilə bağlı
Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi” - FOTOLAR
Xəbəri oxu


Giorgianın atası əslən İtaliyanın Sardiniya adasından olan hüquqşünas və vergi məsləhətçisi idi. O, ailəsinə laqeyd ata kimi yadda qalıb.

Giorgia Meloni xarici KİV-lərdən birinə müsahibəsində heç vaxt atası Françesko Melonidən müsbət emosiyalar almadığını bildirib:

“Atam öləndə heç nə hiss etmədim. Bu məni qəzəbləndirir, çünki heç olmasa ona nifrət etmək istərdim”, - deyə xanım baş nazir qeyd edib.

Giorgia Meloni hələ 11 yaşında olarkən bacısı ilə birlikdə Kanar adalarına atasını ziyarət etməyə gedib. Lakin qızlar qoyuq qarşılanıb, üstəlik atası onları yeni arvadına tapşıraraq, yaxta ilə dəniz gəzintisnə çıxıb. Bundan sonra qızları onunla ünsiyyəti həmişəlik kəsiblər.

G.Meloni deyib ki, məhz atasının onları çətin vəziyyətdə atıb getməsi səbəbindən maddi problemlər yaşayıb və universitetə davam edə bilməyib. O, pul qazanmaq üçün uşaq baxıcısı, barmen, ofisiant, market satıcısı kimi işlərdə çalışıb.

1995-ci ildə Françesko Meloni İspaniyanın Menorka adasında 1500 kiloqram narkotiklə tutulub. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Françesko Meloni 2012-ci ildə vəfat edib.


Giorgianın anası əslən Siciliyadan olan Anna Paratore adlı qadındır. Əri onu qızları balaca ikən atıb gedəndən sonra qadın çox çətin günlər yaşayıb. Övladlarını təkbaşına böyüdən Anna Paratore "Josie Bell" və "Amanda King" təxəllüsü ilə sevgi romanları yazıb. Onun təkcə "Josie Bell" təxəllüsü ilə yazılmış 140 sevgi romanı var. Amma onun ədəbi gəliri kifayət etmədiyindən dolanışıq üçün bir neçə işdə çalışmalı olub: bir supermarketdə promouter, kiçik bir firmada mühasib və s.

Giorgia Meloni anasına kömək etmək üçün erkən yaşlarından yarımştat işləməyə başlayıb. O, ofisiantlıqdan tutmuş italyan aktyoru Cüzeppe Fiorellonun vaxtilə az tanınan övladlarına dayəliyə qədər istənilən vakansiyanı götürüb.

Giorgia Meloni orta məktəbi bitirəndən sonra, 1996-cı ildə Romada "Ameriqo Vespuççi Kollecində dilçilik üzrə orta ixtisas təhsili alıb. Diplomunu aldıqdan sonra bir müddət jurnalistika ilə məşğul olub.

Meloni daha sonra Roma Sapientsa Universitetinə daxil olsa da, oranı bitirə bilməyib. Bəzi məlumatlara görə, siyasətə qoşulması səbəbindən ali təhsili yarımçıq buraxıb. Başqa sözlə, siyasi karyera onun prioriteti olub.

Silvio Berluskoni üçüncü dəfə İtaliyanın baş naziri seçiləndə (2008-2011) o, Girogia Melonini gənclər və idman naziri təyin etmişdi. Onda 31 yaşlı Meloni İtaliyanın ən gənc naziri də olmuşdu; həmin vaxt hələ də anası ilə yaşayırdı.

2022-ci ildə baş nazir olandan sonra Giorgia Meloni mətbuata açıqlamasında uşaqlıq arzularının heç birinin gerçəkləşmədiyini etiraf edib. 2024-cü ilin fevralında o, İtaliya hökumətinə rəhbərlik etmək kimi uşaqlıq arzusunun olmadığını qeyd edib: "Müğənni olmaq istəyirdim, amma musiqiyə qulaq asmırdım, milli voleybol komandasında oynamaq istəyirdim, amma boyum yetərincə deyil, Maykl Ceksonla tanış olmaq istəyirdim, amma o, çox tez öldü".


Giorgia Meloni anası haqqında danışarkən deyib ki, hər şeyi ona borcludur, atasından isə bəhs etmək həvəsi yoxdur.

2024-cü ilin fevralında G.Meloni Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bir neçə G7 lideri ilə birlikdə Kiyevə getmiş, orada Ukrayna və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdı. O, digər Avropa liderləri kimi Rusiyanın işğalçılıq siyasətini pisləyir.

Meloni abortun əleyhdarıdır. O, həmçinin surroqat anaya qarşıdır, bunu “21-ci əsrin köləliyi” adlandırıb və gender kimliyi mövzusunu tənqid edib.

G.Meloni illərdir onunla işləyən yoldaşlarına güvənir. Onun bacısı və bacısının əri də baş nazirin partiyasının üzvüdürlər və Girogianın yaxın çevrəsinin bir hissəsini təşkil edirlər. Meloni qərar verməli olduqda, bunu tək etmir. O, məsələ ilə bağlı ən yaxın yoldaşları və ekspertlərlə məsləhətləşir. Xanlm baş nazir Redyard Kiplinqin “Cəngəllik qanunu” şeirindən sitat gətirməyi xoşlayır: “Sürünün gücü canavardadır, canavarın gücü sürüdədir”.

Ə.Qafarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular