Sosial şəbəkələrin insan həyatına təsirləri barədə danışarkən, müxtəlif fikirlərə, fərqli mülahizələrə rast gəlirik. Bunlardan biri sosial şəbəkə platformasının geniş vüsət almasından sonra elm və təhsilə marağın azalması ilə bağlıdır. Belə fikirdə olan şəxslərin əsas arqumenti ondan ibarətdir ki, gənclər sosial mediada daha çox vaxt keçirirlər, bu da elmə marağın azalmasına ciddi təsir göstərir. Lakin əks düşüncədə olanlar da az deyil.
Bəs, Azərbaycanda son illər elmə marağın azalmasında sosial medianın rolu varmı, yoxsa, əksinə həyatımızın ayrılmaz hissəsinə çevrilən şəbəkələr elm və təhsilə marağı artırır?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev fərqli fikirdə olduğunu bildirib. Belə ki, o, sosial şəbəkələrin elmə marağın artırılmasında böyük rol oynadığını düşünür.
“Ümumiyyətlə, sosial şəbəkələrin elmə marağın artırılmasına rolu böyük olmalıdır. Qərbdə, Amerikada, Yaponiyada elmin populyarlaşdırılması, elmin tarixi, sosiologiyası çox geniş təbliğ olunur. Hətta Yaponiyada elmi, təhsili təbliğ edən televiziya kanalı var və onu milyonlarla insan izləyir. Amma bizdə bu tendensiya çox zəifdir. Hətta elm adamları da, elmin populyarlaşdırılması və elmə olan marağın artırılması istiqamətində lazımi işlər görmürlər. Yəni lazımi sayda informasiya verilmir.
Dünən UNEC-də elmin populyarlaşdırılmasının Azərbaycan modeli ilə bağlı çox maraqlı tədbir keçirildi. Bu tədbirdə alimlər, millət vəkilləri, tanınmış media nümayəndələri iştirak etdilər. Xaricdə yaşayan alimlərə və yerli alimlərə, ölkədə gənclərin elmə marağının artırılması istiqamətində ciddi işlər görməyin vaxtının çatması ilə bağlı çağırışlar edildi. Bu istiqamətdə alimlər özlərinin sosial şəbəkələrdə, eyni zamanda feysbuk hesablarında elmin populyarlaşdırılması, elmin cəmiyyət üçün əlçatan olması istiqamətində işlər görməlidirlər. Başqa tərəfdən bizdə populyarlaşdırılma istiqamətində ədəbiyyatlar həddindən artıq azdır. Buna bizim alimlər bir o qədər də maraq göstərməyiblər”, - Etibar Əliyev vurğulayıb.
Deputat hesab edir ki, elmə marağın azalmasının müxtəlif səbəbləri var:
“Fikrimcə, burada əsas problem maliyyə faktoru ilə bağlıdır. Düşünürəm ki, elmə ayrılan vəsait getdikcə artırılmalıdır. Çünki indi təbiət elmləri və fundamental elmlər sahəsində tədqiqatlar böyük laboratoriyalar və bahalı cihazlar tələb edir. Eyni zamanda alimlərin xarici ölkələrdə təcrübə toplamaları lazımdır. Elmə ayrılan maliyyə vəsaiti, xüsusilə doktorantların təqaüdü əsaslı şəkildə artırılmalıdır ki, onlar yanlız elmlə məşğul olsunlar. Digər tərəfdən elmlə məşğul olan şəxslərin əməyi də stimullaşdırılmalıdır. Onların elmi məqalələri, yazdığı kitablar maliyyələşməlidir ki, buna maraq daha da çoxalsın. Sosial şəbəkələrin təbliğat olduğunu düşünürəm. Təbliğat məsələsində mühüm rol oynayır. Maraqlıdır ki, bir çox hallarda elm adamları daha çox özlərinə aid olan aforizmlər yazırlar və özlərinin təbliği ilə məşğul olurlar. Amma başqa şəxslərin də nailiyyətlərini unutmaq olmaz. Azərbaycandan kənarda elmi fəaliyyətlə məşğul onların işləri təşviq olunmalıdır”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da sosial şəbəkələrin elmə marağın azalmasına səbəb olmadığını düşünür:
“Sosial şəbəkələrin elm, yaxud hər hansı bilgiylə bağlı maneə törədəcəyini, müəyyən sərhədlər yaradacağını düşünmürəm. Sosial şəbəkə informasiyaların paylaşılmasında böyük rol oynayır. Sosial şəbəkə məlumatlılıqdır, piardır və kommunikasiyadır. Əksinə sosial şəbəkələrdən elmin inkişafı və populyarlaşdırılması üçün istifadə edə bilərik. Hər hansı tədqiqatların aparılmasında, elmi məqalələrin yazılmasında və daha sonra bunların daha çox auditoriyaya çatdırılmasında sosial şəbəkələrdən yararlana bilərik. Fikrimcə, elm sahəsinə marağın artması üçün resurslar və maliyyə artırılmalıdır. Elm cəlbedici sahəyə çevrilməlidir. Tədqiqat institutları yaranmalıdır. Yaxud mövcud institutların tərkibində tədqiqat institutları formalaşdırılmalıdır. İlkin təhsildə elmə marağı aşılayan proyektlər aparılmalıdır. Məsələn, “Sabahın alimləri” bunlardan biridir", - o qeyd edib.
İctimai Şuranın sədri vurğulayıb ki, alimlərimizin maddi rifahının yaxşılaşdırılmasına, alimlik dərəcəsinin əldə edilməsində dürüst və ədalətli prinsiplərin müəyyən edilməsinə ehtiyac var:
"Ümumiyyətlə, tədqiqat, kəşf və alimlik, elm ayrı-ayrı anlayışlardır. Bunların cəmiyyətə aşılanması ümumi deyilən fikirdir. Bunları sistemləşdirmək də olar. Amma sosial şəbəkələrin hansısa bir kommunikasiya, yaxud yeni texnoloji alətlərin inanmıram ki, elmə maneçiliyi olsun. Əksinə texnologiyanın özü bir elm sahəsidir. Texnologiyanın yeniliklərindən istifadə edərək biz elmə marağı artıra bilərik”.