Təhsil problemləri ilə bağlı müzakirələrdə diqqətçəkən məqamlardan biri yaşlı və gənc müəllimlərin fəaliyyətinin müqayisə olunmasıdır. Bəzi ekspertlərin fikrincə, yaşlı müəllimlər tədris prosesində peşəkar yanaşma sərgiləyərək, daha effektiv iş ortaya qoyur. Gəncləri müdafiə edənlər isə yeni nəslin dinamik və bir o qədər də yenilikçi olduğunu düşünür. Göründüyü kimi, bu mövzuda fikirlər haçalanır və hər iki tərəf özünü haqlı sayır.
Bəs reallıq necədir: yaşlı müəllimlər daha yaxşı dərs keçir, yoxsa gənclər?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ümumilikdə ölkə üzrə müəllimlərin zəif olduğunu iddia edir.
“Etiraf edək ki, bir çox yaşlı müəllimlər dərsləri zəif tədris edir. Amma gənc nəsil, onlardan da zəifdir. Yaşlı nəsil arasında dərsləri yaxşı keçməyənlər dünyagörüşü məhdud olan şəxslərdir. Müasir dərsliklərlə tanışlıqları yoxdur, çağdaş təhsil sistemi barədə təsəvvürləri azdır və 30 il əvvəlki sistemlə dərs deməyə davam edirlər. Eyni zamanda, xeyli yaşlı müəllim tanıyıram ki, gənclərin onlar kimi dərs deməsinə illər lazımdır. Ümumilikdə, müəllimlərimiz çox zəifdir. Bu gün şagirdlərimiz dərsə biganədirsə, bunun günahının 50 faizdən çoxu müəllimlərin zəifliyindən irəli gəlir. Müəllimlərin zəifliyinin səbəbini isə bu amillərdə görürəm: etinasızlıq, ruh düşkünlüyü, tənbəllik, hazırlaşmağa vaxtın olmaması, internetdən istifadə edə bilməmək və xarici dilləri öyrənməmək. Bu əlamətlər yaşlı müəllimlərdə daha çox olduğu üçün onların əksəriyyəti zəif nəticə göstərir".
Yaşlı müəllimlər üçün dünya SSRİ-dən ibarətdir
K.Əsədovun fikrincə, testdən sonra Boloniya sisteminin Azərbaycana gəlməsi, təkcə universitetlərdə deyil, həm də orta məktəblərdə vəziyyəti dəyişdi. Kurikulum tədris üsulu, yaşlı müəllimlərin işini xeyli qəlizləşdirdi:
"Təbii ki, test üsulu ilə qəbul olub, təhsil almış müəllimlərlə keçmiş qapalı təhsil sistemində təhsil almış müəllimlər fərqlənməlidir. Ancaq burada təhsil sistemindən kənar bir səbəb də var. Bu da müəllimliklə yox, birbaşa yaşlı nəsillə bağlıdır. Azərbaycanda hazırkı gənclik yeni sistemdə təhsil alır. Sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya açıla bilir. Ortayaşlı və yaşlı nəsil isə mühafizəkardır. Onlar üçün dünya hələ də Sovetlər Birliyindən ibarətdir. Onlar öz dövrlərinin və təhsillərinin mənfi tərəflərini heç vaxt görmək istəmirlər. Dövr və mühit önəmlidir. Hər uşaq öz dövrünə uyğun doğulur”.
Ekspert təhsil sistemindəki problemlərdən də söz açıb:
“Sovet təhsili müasir Azərbaycan təhsilindən bir çox meyarlarına görə üstün olsa da, hər şey elə bundan ibarət deyil. Elm həyatın özü kimi daim dəyişir, yenilənir və irəli gedir. 60-70-ci illərin dərs vəsaitləri, təbii ki, o zamanki elmi səviyyədən daha yüksək ola bilməzdi. Lakin indi ümumi elmi səviyyə artıb və elmi bilgilər, sərhədləri aşaraq dünyanın hər yerinə asanlıqla yayılır. İndiki cavanların əllərində daha böyük imkanlar və elmi şərait var. İndinin əlaçı tələbəsinin bildiyi ilə o zamanın əlaçı tələbəsinin bildiyi şeylər eyni deyil. İndikilər, necə deyərlər, daha “çoxbilmiş”dirlər. Biz bu reallığın təsirini, hətta azyaşlı uşaqların timsalında da görə bilərik”.
Ağıl yaşda deyil, başdadır...
“Digər mühüm amil isə budur: ümumiyyətlə, insanlarda fitri olaraq bir çox yanlışlıqlar və boşluqlar mövcuddur, əksər insanlar, bu boşluqları düzəltməyi düşünmürlər. Məsələn, hər kəsin düşdüyü səhvlərdən biri budur: “kimin yaşı çoxdursa, o daha ağıllıdır”. Halbuki ağıllı atalarımızın da dediyi kimi, ağıl yaşda deyil, başdadır. Lakin ağıllı olmayan atalarımız isə nədənsə bunun əksini deyirlər və müdrikliyin meyarını yaşda görürlər. Bəs, niyə ağıllı olmayan atalarımız yaşı belə vacib amil kimi təqdim etməyə çalışırlar? Fikrimcə, elmi və fəlsəfi yanaşmaya görə, insan hansısa səhvə yol verdikdə, problemlə qarşılaşdıqda 2 seçimdən birini edir. Ya səhvi düzəldir və səhv etdiyini etiraf edir, ya da səhvi etiraf etmək ona ağır gəldiyi üçün təkəbbürlü, loğva davranır. Əksər hallarda isə insanlar üçün səhvi etiraf etmək ağır olur. Nəticədə onlar daha asan zənn etdikləri yolu seçir və səhv etməyə davam edirlər. Sonda isə təkəbbürlü, səhvdən dönməz, özünü hamıdan ağıllı bilən, cavanlara həqarətlə baxan bir tip formalaşır”.
Təcrübəsiz, nüfuzsuz müəllimlər də var
Təhsil eksperti Nadir İsrafilov isə müəllimləri yaş dərəcəsinə görə təsnifatlandırmağın nəsillər arasında qarşıdurma yaratmaqdan başqa bir şey olmadığını bildirib:
“Gənclərlə yaşlı nəsil niyə bir-birini başa düşmür?” mövzusunda aparılan müzakirələr, “Gənc műəllimlərin Şəbəkələṣmə formu” adı altında keçirilən tədbirlər, “Sertifikasiya prosesinin nəticələrinə baxdıqda görürük ki, gənclərin nəticələri yüksəkdir”, “25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”, “Bizi 40-55 yaş arası olanlar daha çox narahat edir”, “Yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib” və s. bu kimi rəsmi açıqlamaların müəllimlərin müəyyən qismində qıcıq yaratması başadüşüləndir. Bu kimi təhlilər aparıla bilər, lakin ictimailəşdirmək məqsidilə yox, xidməti istifadə üçün.Yaşlı müəllimlər və gənc müəllimlər deyilən təsnifat yoxdur. Təcrübəli, təcrübəsiz, nüfuzlu və nüfuzsuz müəllimlər var. Bu peşəni sevərək seçənlər və bu peşəyə təsadüfən yiyələnənlər var”.
Ekspertin sözlərinə görə, yaşlı və gənc müəllimlər arasında müqayisə aparmaq düzgün yanaşma deyil:
“Ümumiyyətlə, yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini yaş senzinə görə yüksək bal toplayanları qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz. Əksinə, zədələnmiş müəllim nüfuzuna əlavə zərbə olar”.
O, həmçinin müəllimləri yaşına görə deyil, peşəsinə görə qiymətləndirməyin tərəfdarı olduğunu söyləyib:
"Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox...
Gənc müəllimlər unutmasın ki, onları bu ərsəyə gətirən elə indi bəyənmədikləri yaşlı müəllimlər olub. Bu gün yaşlı nəslə arxa çevirmək, sabah özünə qarşı arxa çevirənlər nəslini hazırlamaq deməkdir".
İndiki gənclər işə rüşvətlə yox, zəhmətlə qəbul olublar
Təhsil eksperti İlqar Orucov da müəllimlər arasında yaş bölgüsünün tərəfdarı olmadığını vurğulayıb:
“Mən müəllimlər arasında yaşla bağlı bölgünün tərəfdarı deyiləm. Amma bütövlükdə bizim yaxşı, nümunəvi yaşlı müəllimlərimiz də, fədəkar, enerjili gənc müəllimlərimiz də var. Əlbəttə, söhbət yaxşı müəllimdən gedir. Yaşlı müəllim müəyyən fərqli xüsusiyyətləri özündə birləşdirir. Onların kifayət qədər təcrübələri var. Digər tərəfdən onlar müxtəlif çətin situasiyalardan çıxış yollarını bilirlər. Düşünürəm ki, bu, həyat təcrübəsi ilə bağlıdır. Gənc nəsil isə adından bilindiyi kimi gənc, enerjili və yeniliklərə can atandır. Əsas odur ki, müəllim savadlı, bilikli, üzərində daima çalışan olsun. Bu məqamlar hansı müəllimdə varsa, istər gənc, istər yaşlı olsun, o, təhsil üçün faydalıdır”.
Ekspert təhsildə mənfi yönlərin olduğunu və bunun daha çox yaşlı nəsildə müşahidə edildiyini bildirib:
“Biz son illərdə təhsil prosesində gəncləşməni görürük. Bu hal məni çox sevindirir. Onlar əvvəlki nəsil müəllimlərdən fərqli olaraq, rüşvətsiz mühitdə təhsil alıblar. Rüşvətlə, tapşırıqla deyil, öz zəhmətləri ilə işə qəbul olublar. Bu, həm də məsuliyyət deməkdir. Müəllimlərin işə qəbulu əvvəlki illərlə müqayisədə daha da mürəkkəbləşib. İndiki müəllimlər xüsusi sınaqlardan, imtahanlardan, prosedurlardan keçirlər. Onlar həqiqətən çox fədakar gənclərdir ki, məhz təhsil yolunu, müəllimlik yolunu seçiblər. Bu baxımdan onlara böyük ümidim var. Amma biz yaşlı nəsil üzərindən xətt çəkməli deyilik. Təbii ki, yaşlı müəllimlərdən də daim öz üzərilərində çalışanlar var. Lakin burada bəzi mənfi nüanslar da var ki, səmimi danışsaq, bunun daha çox yaşlı müəllimlərdə müşahidə olunduğunu deyə bilərik. Çünki bilirsiniz ki, təhsildə xeyli neqativ hallar olur. Onlar o neqativlərin içində olublar.Təbii ki, öz şərəfini, adını uca tutanlar hər zaman öz uğurlu müəllimlik missiyasının nüfuzunu qorumağa çalışıb. Onlardan imtina etmək mümkün deyil. Yetər ki, müəllim öz üzərində işləsin, daim çalışsın. Onun təhsildən başqa düşüncəsi olmasın, öz işi ilə yaşasın. Belə olacaqsa, ümid edirəm ki, aradakı yaş fərqi aradan qalxacaq. Hər bir müəllim fərddir və onun bütövlükdə tədrisə fərdi münasibətindən də çox şey asılıdır".
Aytac Əsədova