20-24 iyun tarixlərində müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək. Onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri ibtidai sinif müəllimləridir. Sabah səhər və günorta olmaqla iki seans təşkil ediləcək.
Ötən il sertifikasiya imtahanında ölkə üzrə ən yüksək bal toplayan müəllimlər Modern.az saytı vasitəsilə imtahan verəcək həmkarlarına öz tövsiyələrini çatdırıblar.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Masazır kənd 4 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Əfsanə Hüseynova ötən ilki imtahanda 100 bal topladığını xatırladıb:
“2022-ci il müəllimlərin sertifikatlaşdırılma imtahanında iştirak etdim və maksimum bal topladım. Öz həmkarlarıma sabahdan başlayan sertifikasiya imtahanlarında uğurlar arzu edirəm. Qətiyyən narahat olmasınlar. Onların ibtidai təhsil səviyyəsində tədris etdikləri materiallara uyğun olaraq sual və tapşırıqlar qarşılarına çıxacaq. İnanıram ki, həmkarlarım imtahanı uğurla başa vuracaqlar”.
Ə.Hüseynova müəllimləri imtahandan qorxmamağa çağırıb:
"Mən hansısa kursda və ya başqa yerdə hazırlaşmadım. Uzun illər stajı olan müəllim kimi öz fənnimi bilmək mənim vəzifəmdir. Mən yalnız metodika ilə bağlı yenilikləri, nəzəriyyələri təkrarladım. Diaqnostikadan da yüksək nəticə göstərmişdim. İmtahanı tez bitirməyimə baxmayaraq, yenidən sualları nəzərdən keçirdim. Heç bir sualda narahatlıq olmadığını yoxladım. Beləliklə, 40 dəqiqəyə imtahanı başa vurdum”.
280 nömrəli məktəbin ibtidai sinif müəllimi Məhbubə Daşdıyeva isə sertifikasiya imtahanlarının elə də çətin olmadığını söyləyib.
“İmtahanın bitməsinə yarım saat qalmış bütün suallara cavab vermişdim. Ancaq sona qədər gözlədim. Nəyi səhv yazıb-yazmadığımı yoxladım. Əvvəlcədən çox həyacanlı olsam da, yüksək nəticəni görüb sevindim. Düzünə qalsa, mən imtahana hazırlaşmamışdım. Biz MİQ-dən gəlmişdik. İmtahan verəcək müəllimlərə uğurlar arzulayıram. Onlara məsləhətim odur ki, təmkinli olsunlar, suallara diqqətlə baxıb, sonra cavabları yazsınlar. Tələsmək, həyəcanlanmaq olmaz”, - deyə müəllim vurğulayıb.
Qeyd edək ki, ümumilikdə bu il 33 mindən çox müəllim sertifikasiya imtahanından keçməli olacaq. Yaşı 60-a keçən müəllimlər imtahanda iştirak etməyəcəklər.