"Sözün açığı, qəbul imtahanında yüksək nəticə əldə edəcəyimi gözləyirdim".
Bunu Modern.az-a açıqlamasında I ixtisas qrupu üzrə qəbul imtahanında yüksək nəticə (400 bal) göstərən abituriyent Abdullayev Emil Rasim oğlu deyib.
İmtahan nəticələri barədə təəssüratlarını bölüşən Emil uğur qazanmaq üçün ciddi çalışdığını bildirib.
“Açığı bu nəticəni əldə edəcəyimi gözləyirdim. Çünki imtahanda maksimum nəticəni əldə etmək üçün ciddi çalışırdım. Ona görə də 400 bal yığdığımı biləndə çox sevindim. Nə qədər özümdən əmin olsam da, düşündüyüm nəticəni əldə etdiyimi görmək məni qürurlandırdı. Nəticələr açıqlananda ailəm yanımda idi. Onlar da çox sevindilər, onlar da mənim kimi çox xoşbəxtdirlər”, - Emil söyləyib.
O, hələ ixtisas seçimi barədə dəqiq qərar vermədiyini əlavə edib.
Qeyd edək ki, 3-4 iyunda keçirilən imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.
IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.