Bu gün müəllimlərin sertifikasiya imtahanlarına start verilib. İmtahanda iki müəllim ən yüksək nəticəni göstərib. Onlardan biri Salyan rayonunun Salman Zəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır. 57 yaşlı müəllim bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.
İmtahanla bağlı təəssürartlarını Modern.az-la bölüşən Flora xanım yüksək bal topladığını görəndə əvvəlcə inanmadığını deyib.
"Gözlərimə inanmadım. Dedim, yəqin nəyisə səhv etmişəm, nəticələrim sıfırlanıb. Nəzarətçini çağırdım. Onun da elə mənim kimi sistemdən başı çıxmırdı. Daha sonra kompüterə baxanı çağırdılar. O dedi ki, 60 bal yığmısınız. Özümə inanmadım. Çox sevindim. Sözün əsl mənasında sevincdən şoka düşdüm. Hələ indi özümə gəlirəm".
Flora Dünyamalıyeva sertifikasiya imtahanında sualların çətin olmadığını söyləyib:
"Suallar rahat idi. Riyaziyyat bir qədər diqqət tələb edirdi. Qeyriləri elə də çətin deyildi. Məsələn, Azərbaycan dilindən çox çətin suallar düşmüşdü deməzdim. Normal suallar idi. Hamısını düzgün cavablandırdım".
57 yaşlı müəllim sertifikasiyadan uğurla keçmək üçün ciddi hazırlaşdığını vurğulayıb:
"İmtahana var gücümlə hazırlaşırdım. Çoxlu kitablar almışdım. Çünki ibtidai sinif müəllimliyi mənim əsas ixtisasım deyildi. Əsas ixtisasım rus dili müəllimliyidir. Rus dili dərsləri azaldığına görə, direktor təklif etdi ki, ibtidai sinif müəllimliyinə keçim. Bizdə ibtidai sinif müəllimi az idi. Özümdə çox məsuliyyət hiss edirdim. Çalışırdım, oxuyurdum. Nəticədə bəhrəsini gördüm. İxtisas müəllimi olmasam da, ən yüksək balı toplaya bildim".