Modern.az

Qəbul imtahanlarına hazırlıq: Bu il hansı dəyişikliklər olacaq?

Qəbul imtahanlarına hazırlıq: Bu il hansı dəyişikliklər olacaq?

Təhsil

4 Yanvar 2024, 15:52

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb. Mərkəz bildirib ki, mart ayında başlayan buraxılış imtahanlarının modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

 

Hələlik qəbul imtahanları (blok) ilə bağlı məlumatlar açıqlanmayıb. Bəzi ekspertlər qəbul imtahanlarında dəyişiklik ediləcəyini bildirib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov 2024-cü ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə keçiriləcək qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcəyini bildirib:

 

"2024-cü ildə imtahanlar artıq Azərbaycanın işğaldan azad edilmiş tarixi torpaqlarında da keçiriləcək Bu, böyük hadisədir. Digər yandan universitetlərə qəbulda dövlət sifarişli plan yerlərinin artırılmasına şahidlik edəcəyik. Qəbul plan yeri bu il 60 mindən çox olacaq. Bu, da ali təhsil müəssisələrinə qəbul olunanların sayına müsbət təsir göstərəcək. Məsələn 14 il bundan öncə, yəni 2010-cu ildə 29 min nəfər ali təhsil müəssisələrinə qəbul ola bilirdi. Bu gün artıq onların sayı 60 mindən çoxdur. 14 ildə say kəskin artıb. Bu il ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə təbii ki, keçid ballarında enmələri də müşahidə edəcəyik. Bunun bir səbəbi plan yerlərinin artmasıdırsa, ikinci səbəb ali təhsil müəssisələrinə qəbul üçün sənəd verənlərin sayında azalmanın olmasıdır. Yəni məzunların sayında azalmalar müşahidə edirik. Bu da ali məktəblərə qəbulun əlçatanlığına kömək edəcək. Artıq 2024-cü ildə Xankəndidə Qarabağ universiteti fəaliyyətə başlayacaq. Bu bölgələrə doğru ali təhsilin meyillənməsinin müşahidə edilməsi deməkdir. İxtisas qrupları üzrə ciddi dəyişiklik olmayacaq. Ümumilikdə sadəcə bir neçə yeni ixtisas ali təhsil müəssisələrinin bakalavr pilləsində olacaq. Qəbul qaydalarında, fənlərdə bu il hər hansı dəyişiklik olmayacaq".

 

K.Əsədov bu il imtahan nəticələrinin yaxşı olacağını gözlədiyini söyləyib:

 

"Ümumilikdə bu il təhsil nəticələrimizin yaxşı olmasını gözləyirik. Bu il uşaqlar tam proqramla hazırlaşacaqlar. Ona görə də qəbul imtahanlarında yüksək bal yığan abituriyentlərin sayında yüksəlmənin şahidi olacağıq".

 

Təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, qəbul prosesində dəyişiklik olacaq:

 

"2024-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarında yenilik yoxdur. Əvvəlki qaydada imtahanların keçirilməsi nəzərdə tutulub. Sadəcə blok imtahanlarında Azərbaycan Tarixi fənnindən olacaq suallara sonuncu antiterror əməliyyatından sonra baş verən reallıqlar da daxil ediləcək. Qəbul prosesindəki dəyişikliklərdən bəhs edəsi olsaq, plan yerlərində artım var. Ümumi plan yerlərinin 60 minə yaxın olması, dövlət sifarişli yerlərin sayının artırılıb, 30 min edilməsi gözlənilir. Bu da müsbət məqamdır. Bir neçə universitetin açılışı da bu ilə təsadüf edəcək. İlk növbədə Prezidentin sərəncamı ilə Xankəndidə Qarabağ universiteti açılıb. Bu il tələbələrin qəbulu keçiriləcək. Eyni zamanda İtaliya-Azərbaycan universitetinə də qəbul başlaya bilər. Bu da ümumi plan yerlərinin artımı ilə əlaqədardır". 

Elçin Əfəndi plan yerlərinin artmasının keçid ballarına təsirindən də danışıb:

 

"Plan yerlərinin artması səbəbilə müəyyən ixtisaslarda keçid ballarının aşağı düşməsi mümkündür. Bizim üçün vacib olan abituriyentlərin imtahan nəticələridir. Təbii ki, imtahan nəticələri nə qədər yüksək olarsa, müəyyən prestijli ixtisaslarda da keçid balları yüksək olacaq. Onun üçün də biz ilk olaraq, buraxılış imtahanlarının nəticələrini gözləməliyik. Yalnız bundan sonra dəqiq proqnoz vermək olar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!