Modern.az

Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

Qarabağ Universitetində 10 min tələbə təhsil alacaq

Təhsil

8 Fevral 2024, 16:28

Dövlətimizin başçısının 2023-cü il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması ilə bağlı müvafiq Sərəncamında universitetin nizamnaməsinin təsdiq edilməsi, maliyyələşməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu il fevralın 6-da Baş nazir tərəfindən Qarabağ Universitetinin nizamnaməsi təsdiq edilib. Qarabağ Universiteti publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək və Xankəndi şəhərində yerləşəcək.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib. O bildirib ki, Qarabağ Universitetində yüksəkixtisaslı - ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığı həyata keçirəcək. Universitet əlavə olaraq orta ixtisas təhsili üzrə də kadr hazırlığı həyata keçirəcək.

 

“Həmçinin əlavə təhsil proqramları üzrə tədris universitetdə təşkil olunacaq. Bütün bu fəaliyyətlər mərhələli qaydada həyata keçiriləcək. İlkin mərhələdə universitetdə bakalavr səviyyəsi üzrə tədrisə başlanılması nəzərdə tutulur”,- deyə İdris İsayev deyib.

 

Nazir müavini 2024-2025-ci tədris ilində universitetdə 1000-ə yaxın tələbənin təhsil almasının nəzərdə tutulduğunu bildirib.

 

“Tələbələrin sayı növbəti illərdə 10 mindən çox olacaq. 2024-2025-ci tədris ilindən ali təhsil müəssisələrinə qəbul planı hazırlanır və Qarabağ Universitetinə müxtəlif ixtisaslar üzrə tələbə qəbulu nəzərdə tutulur. Bakalavr səviyyəsində 5 istiqamətdə 20 ixtisas üzrə tədris aparılacaq. Pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq. Növbəti mərhələdə bu ixtisasların sayı artırılacaq. Universitetdə 10 istiqamət üzrə ixtisasların olmasını nəzərdə tuturuq.

 

Tələbələr birinci mərhələdə dövlət sifarişli təhsil alacaqlar. Onlar müvafiq təqaüd proqramları ilə əhatə olunacaqlar. Tələbələrə yataqxanada qalmaq imkanı yaradılacaq”, - deyə nazir müavini fikrinə əlavə edib.

 

İdris İsayev universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunmasının gözlənildiyini, onların böyük hissəsinin akademik şəxslər olacağını söyləyib. Qeyd edib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

 

Nazirlər Kabineti “Qarabağ Universitetinin Nizamnaməsi”ni təsdiq edib. Universitet Xankəndi şəhərində yerləşəcək. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

 

- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

 

- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

 

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; - elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi