Mingəçevir Dövlət Universitetində (MDU) Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri təyin olunub
Modern.az xəbər verir ki, müvafiq əmr MDU-nun rektoru Anar Eminov tərəfindən imzalanıb.
Əmrə əsasən, Ceyhun İlham oğlu Mahmudov Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri vəzifəsinə təyin olunub.
Ceyhun Mahmudov 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1996-cı ildə Naxçıvan şəhəri, A.Şadlinski adına 12 №-li orta məktəbi “Qızıl medal”la bitirib. 1991-1996-cı illərdə Naxçıvan Dövlət Universitetində “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasını bitirib, 2004-cü ildə isə iqtisad elmləri namizədi alimlik dərəcəsini qazanıb. 2011-ci ildə iqtisadiyyat ixtisası üzrə dosent elmi adını alıb. 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində “Ümumi iqtisadiyyat” ixtisası üzrə elmlər doktorluğu proqramını başa çatdırıb.
Elmi-pedaqoji fəaliyyəti müddətində müxtəlif vəzifələrdə çalışıb: Həmkarlar İttifaqı Komitəsinin sədri, tərbiyə işləri üzrə dekan müavini, fakültə dekanı, kafedra müdiri və s. Yeni vəzifə təyinatına qədər isə Azərbaycan Texniki Universitetində “Biznesin idarə edilməsi” kafedrasının müdiri olub.
Ceyhun Mahmudov beynəlxalq əməkdaşlıq və müəllim mübadiləsi layihələrinin fəal iştirakçısıdır. O, 7 dərs vəsaitinin, 2 monoqrafiyanın, 2 metodik vəsaitin, 27 fənn proqramının və 100-dən çox elmi məqalənin müəllifidir. Onun 20-yə yaxın məqaləsi ABŞ, İsveçrə, İsveç, Rusiya, Türkiyə, Rumıniya, Çexiya və digər ölkələrdə çap olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.