Modern.az

Tələbələrin mənzil problemi: necə həll edilməlidir?

Tələbələrin mənzil problemi: necə həll edilməlidir?

Təhsil

28 Avqust 2025, 10:57

Ucuz kirayə mənzillərin azalması və yeni tikililərin yüksək qiymətlərlə təklif olunması xüsusilə tələbələr və aşağı gəlirli ailələr üçün mənzil tapmağı mürəkkəbləşdirir. Eyni zamanda, tələbə yataqxanalarının sayının azlığı və keyfiyyətinin aşağı olması vəziyyəti daha da çətinləşdirir. 

Modern.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir paytaxt Bakı şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərdən ibarət yaşayış massivlərinin söküntüsü prosesi davam edir. Onun sözlərinə görə, sözügedən söküntülər əsasən iki formada həyata keçirilir:

“Birinci halda, müəyyən ərazilər tikinti şirkətləri tərəfindən sökülür və həmin sahələrdə yeni tipli yaşayış binaları inşa olunur. Bu zaman köhnə binalarda və fərdi evlərdə yerləşən, nisbətən ucuz və əlçatan qiymətə təklif edilən kirayə mənzillər bazardan çıxmış olur.

İkinci halda isə həmin ərazilərdə yaşayan sakinlərə yeni tikililərdə mənzil verilənədək müvəqqəti olaraq kirayə mənzillərdə yaşamaq üçün başqa ünvanlara köçmək məcburiyyəti yaranır. Bu da kirayə bazarına olan tələbatı artırır və mənzil qıtlığına səbəb olur”.

Əmlak ekspert əlavə edib ki, digər tərəfdən yeni tikililərdə təklif olunan mənzillərin kirayə qiymətləri köhnə binalarla müqayisədə təxminən iki dəfə baha olur:

“Həmçinin bu binalarda təqdim olunan kommunal xidmətlərin aylıq xərcləri də ümumi kirayə qiymətinin təqribən 10 faizini təşkil edir ki, bu da əlavə maliyyə yükü yaradır.

Bundan əlavə, Bakı şəhərində dövlət ehtiyacı üçün torpaqların alınması prosesi də aparılır. Bu zaman fərdi yaşayış evləri və yaşayış massivləri dövlət tərəfindən sökülür, sakinlərə isə kompensasiya verilir. Bu da həmin ərazilərdəki kirayəlik mənzillərin birdəfəlik olaraq bazardan çıxarılması deməkdir”.

O həmçinin vurğulayıb ki, Bakı şəhərinin Baş planı artıq təsdiq olunub və bu plana əsasən, 2040-cı ilə qədər paytaxt ərazisində köhnə tikililərin böyük bir hissəsi tamamilə söküləcək. Bu isə tələbələr və aşağı büdcəli vətəndaşlar üçün uyğun qiymətə kirayə mənzillərin tapılmasını daha da çətinləşdirəcək:

“Hazırda tələbələr demək olar ki, hər il kirayə mənzil tapmaqda ciddi çətinliklərlə qarşılaşırlar. Bakı şəhərində ali təhsil müəssisələrinin çoxluğunu nəzərə alsaq, bu problemin miqyası daha da genişlənir. Əvvəllər mövcud olmuş, lakin istismara yararsız vəziyyətdə olan tələbə yataqxanalarının əksəriyyəti sökülüb. Halbuki, həmin yataqxanaların yerləşdiyi torpaq sahələri hələ də mövcuddur.

Bu sahələrdə müasir, çoxmərtəbəli və çoxotaqlı yeni yataqxanaların inşası tələbələrin mənzil probleminin əhəmiyyətli hissəsini həll edə bilər. Bu həm də kirayə bazarındakı təzyiqi azaldar və ümumi yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edər”,- deyə E.Fərzəliyev fikrini sonlandırıb.

Təhsil eksperti Əmrah Həsənli isə saytımıza açıqlamasında hər il ixtisas seçiminin nəticələrinin açıqlanma vaxtı ilə yeni tədris ilinin başlanmasına qalan müddətin çox az olduğunu bildirib.

O qeyd edib ki, bu isə təbii olaraq həm tələbələr, həm də onların valideynləri üçün müəyyən çətinliklər yaradır:

“Əsasən bölgələrdən paytaxta və ya böyük şəhərlərə gələn tələbələrin ən böyük problemi yaşayış məsələsidir. Burada iki əsas məsələ ön plana çıxır: yataqxanaların məhdudluğu və kirayə ev bazarındakı gərginlik”.

Ə.Həsənli eyni zamanda vurğulayıb ki, Azərbaycanda tələbə yataqxanalarının sayı və şəraiti hələ də real tələbatı tam ödəmir:

“Bir çox yataqxana illərdir təmirə ehtiyac duyur və yalnız bir qisminin müasir standartlara uyğunlaşdırılması mümkün olub. Yataqxanaların əksəriyyətində yerlərin sayı məhduddur, bu da yeni qəbul olunan tələbələrin yerləşdirilməsində ciddi problem yaradır.

Digər tərəfdən, kirayə ev bazarında qiymətlərin sürətlə artması və tələbələrin birdən-birə böyük axınla bazara daxil olması vəziyyəti daha da çətinləşdirir. Burada valideynlərin narazılığı da tam başadüşüləndir. Çünki nəticələrin gec açıqlanması ailələrin əvvəlcədən plan qurmasına imkan vermir, qiymətlər isə çox qısa zamanda yüksəlir”.

Təhsil eksperti onu da diqqətə çatdırıb ki, yataqxana yerlərinin 1-ci kurslara üstünlük verilməsi müzakirəyə açıq və müəyyən mənada məntiqli yanaşmadır:

“Çünki yeni mühitə gələn gənclər həm şəhərə, həm də təhsil sisteminə uyğunlaşmaqda çətinlik çəkirlər. Onların ilk illərdə yataqxanada yerləşdirilməsi sosial baxımdan da daha doğru olar. Yuxarı kurs tələbələri isə artıq mühitə alışdıqları üçün kirayə ev tapmaqda nisbətən çevik davranırlar”.

O həmçinin söyləyib ki, digər tərəfdən məsələni yalnız bu yanaşma ilə həll etmək olmaz:

“Əslində problemin kökündə yataqxanaların azlığı və qeyri-bərabər bölgüsü dayanır. Dövlət son illərdə tələbə yataqxanalarının tikintisi və yenidən qurulması istiqamətində addımlar atır, amma bu proses sürətləndirilməlidir. Əlavə olaraq, tələbələr üçün kirayə bazarında müəyyən tənzimləyici mexanizmlər, məsələn, tələbə evləri və ya dövlət dəstəyi ilə kirayə proqramları da nəzərdən keçirilə bilər”.

Sonda ekspert onu da əlavə edib ki, qısaca desək, nəticələrin gec açıqlanması texniki və idarəetmə baxımından aradan qaldırılmalıdır. Onun fikrincə, yataqxanaların 1-ci kurslara üstünlük verməsi isə keçid dövründə sosial baxımdan faydalı ola bilər:

“Amma əsaslı və davamlı həll yolu – tələbə yataqxanalarının sayının artırılması və kirayə bazarının tələbələr üçün daha əlçatan edilməsi ilə mümkündür”,- deyə Ə.Həsənli bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır