Bu gün – 1 sentyabr müxtəlif ölkələrdə Bilik günü qeyd edilir - məktəblərdə dərslər başlayıb.
Azərbaycanda isə Bilik günü sentyabrın 15-də qeyd edilir.
Qeyd edək ki, 2004-cü ilə kimi Azərbaycanda da 1 sentyabr Bilik günü sayılır və dərslər həmin tarixdə başlayırdı. Bu, yaşlı və orta nəsildən olanların yaxşı xatirindədir.
Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə imzaladığı fərmanla Azərbaycanda Bilik gününün tarixi dəyişdirilib və onun 15 sentyabrda qeyd olunması qərara alınıb.
Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” adlı fərmanı təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə verilib.
Həmin fərmana əsasən, Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlanır. 15 sentyabr isə "Bilik günü" kimi qeyd edilir.
Həmçinin, 2004-cü dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq olunur.